“Muğanbank”ın sabiq əməkdaşının məhkəməsində: “Ona 150 min dollar vermişəm”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Muğanbank” ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nağıyev dindirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O, ifadəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olduğunu bildirib. Zərərçəkən qeyd edib ki, təqsirləndirilən şəxsi dostları vasitəsi ilə tanıyıb. K.Nağıyev söyləyib ki, təqsirləndirilən N.Vəliyevə, ümumilikdə, 150 min dollar pul verib: “Həmin pullardan az miqdarı qaytarılıb”.

Təqsirləndirilən şəxs zərərçəkmişin dediklərini təsdiq edib, lakin bildirib ki, ona 4 ay ərzində 15 min dollar pul verib: “Ümumilikdə, isə 60 min dollara yaxın faizlə pul qaytardım”.

Daha sonra zərərçəkmiş K.Nağıyev deyib ki, N.Vəliyev ona, ümumilikdə, 50 min pul qaytarıb: “Amma həmin pulun hamısı tək mənə çatmayıb”.

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları – Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək “forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində “Muğanbank” ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.