Peter Bekin Rocket Lab-ı kosmik sənayenin ən böyük oyunçularına getdikcə daha ciddi rəqib olur
Rocket Lab-ın Virciniyada Atlantik sahilində tikdiyi yeni buraxılış meydançası 1,5 milyon funt dartma yüklənməsinə dözməlidir.
Şirkətin qurucusu və baş direktoru Piter Bekin isə daha bir şərti vardı: hər şey estetik görünməli idi.
“Arxamızdakı buraxılış meydançası az qala bir memarlıq abidəsidir”, — o, avqustda hökumət rəsmiləri və investorların qarşısında belə deyib. “Adətən belə meydançalar alçaqboy, bir az da eybəcər olur. Mən isə tamam fərqlisini istədim”.
Detala və formaya həssaslıq Bekin sahibkar kimi yolunu müəyyənləşdirib. Yeni Zelandiyanın ucqar bir guşəsindən çıxan bu özünü yetişdirmiş mühəndis Rocket Lab-ın — raket və peyk buraxılışları şirkətinin — böyüməsinin hərəkətverici qüvvəsinə çevrilib. Şirkətin növbəti layihəsi, 43 metrlik Neutron raketi, yaxın vaxtlarda yeni meydançadan sınaq uçuşuna çıxacaq və Rocket Lab-ı İlon Maskın SpaceX-i, Ceff Bezoun Blue Origin-i və digər nəhənglərlə eyni səviyyədə rəqabətə gətirib çıxaracaq.
Neutron indiyədək Rocket Lab-ın ən güclü raketidir və çoxqat istifadəyə uyğun layihələndirilib — məhz bu xüsusiyyət Falcon 9-u dünyanın ən çox istifadə olunan raketinə çevirib. Rocket Lab “Neutron”la startların sayını artırmaq və daha iddialı missiyalar yerinə yetirmək məqsədi güdür.
“Əgər böyük şirkət qurmaq istəyirsinizsə, böyük işlər görməlisiniz”, — 48 yaşlı Bek müsahibəsində deyib.
Rocket Lab “Neutron”un ilk uçuşunu 2025-ci ilin sonunadək planlaşdırır. Daşıyıcının enişi isə asan olmayacaq. SpaceX bunu yüzlərlə dəfə icra edib, Bekin komandası üçünsə bu, yeni əməliyyat olacaq.
“Təkrar istifadə məsələsini hələ həll etməlidir”, — SpaceX və United Launch Alliance-ın keçmiş rəhbərlərindən Marv Vander Veq bildirir. — “Bu, kifayət qədər çətindir. SpaceX-in səviyyəsində bunu hələ heç kim etməyib”.
“Özüm edəcəyəm”
Bek Yeni Zelandiyanın cənubundakı İnverkarqil şəhərində böyüyüb — burada gecələr səmanı tez-tez şimal işıqları bürüyür. Onun kosmosa marağı da, hər şeyi öz gücü ilə etmə vərdişi də elə gənc yaşlarında formalaşıb.
Atası öz əlləri ilə teleskop yığıb və həmin teleskop sonradan regional rəsədxanaya verilib. Ev emalatxanası isə Bekə alətlərlə işləmə fürsəti yaradıb. O, emalatxanada çalışa-çalışa kolleci yarımçıq qoyub çilingər şagirdi kimi işləməyə başlayıb, sonra müxtəlif mühəndislik sahələrini mənimsəyib, hətta yaxta yığmağı belə öyrənib.
Kosmosa maraq sönməyib: o, asudə vaxtlarında kiçik bir mühərrik hazırlayıb. Təxminən 20 il əvvəl kosmik sənayeyə girmək üçün ABŞ-a üz tutub və NASA nümayəndələri ilə görüşə bilib. Amma ali təhsili olmayan bir əcnəbinin bu sahədə iş tapmasının real olmadığını görüb.
“Geri dönəndə düşündüm ki, onda özüm edəcəyəm”, — deyə o, xatırlayır.
Rocket Lab-ın doğuluşu
Şirkət 2006-cı ildə yaradılıb. İlk aparat — təxminən 6 metrlik suborbital Ātea-1 raketi olub. Daha sonra Bek şirkətin növbəti layihəsi — 18 metrlik Electron üçün vəsait cəlb edib.
Khosla Ventures fondunun partnyoru Sven Ştrobənd xatırlayır ki, şirkətə sərmayə qoymağı düşündüyü vaxtlarda Rocket Lab-ın hazırladığı yeni nasos-mühərrik sistemi barədə Beklə danışıb.
O, Bekə Alabamanın Hantsvill şəhərindəki NASA nümayəndələri ilə görüşməyi məsləhət görüb: “Elə bildim, Piter bir neçə saata təyyarəyə minib gedəcək”, — deyə Ştrobənd zarafatla danışır. NASA-dakı tanışları texnologiyanı “çox yaxşı ideya” adlandırıb və Ştrobənd Bekin enerjisinə heyran qalıb. Bundan sonra Khosla şirkətə sərmayə ayırıb.
Electron 2017-ci ildə ilk missiyaya hazır oldu. Uçuş uğursuz alındı, lakin Rocket Lab tez toparlandı və bu raketi ticarət buraxılış biznesinin əsasına çevirdi. Şirkət paralel şəkildə peyk istehsalı, sensorlardan tutmuş günəş panellərinədək avadanlıq satışı və uçuşların idarəetməsi üçün proqram təminatı hazırlamaqla ikinci bir istiqamət də qurdu.
Bu iki xətt sayəsində Rocket Lab ABŞ hökumət qurumları və digər müştərilərlə əlaqələrini gücləndirdi.
SpaceX-lə rəqabət
Son vaxtlar Rocket Lab investorların diqqətini daha çox cəlb edir. Cümə axşamı şirkətin səhm qiyməti son bir ildəki sürətli artımdan sonra demək olar, maksimuma yaxın bağlanıb.
Gözləntilər yüksəlib və “Neutron”un debütü investor etimadının sınağı olacaq. Açıq bazarda olan kosmik şirkətlər son dövrdə ciddi geriləmələr də yaşayıb: məsələn, Firefly Aerospace-in səhmləri şirkətin sürətləndiricilərindən birinin sınaqda partlamasından bir gün sonra, çərşənbə axşamı 21% düşüb.
Rocket Lab daha çox planetin ən varlı insanlarının arxasında dayandığı sahibkarlar və şirkətlərlə — SpaceX və Blue Originlə — rəqabət aparır. Kommersiya, mülki və hərbi yüklər üçün buraxılışlar edən başqa bir oyunçu — United Launch Alliance — Boeing və Lockheed Martin-ə məxsusdur.
Bekin şirkəti xərclərdə bir çox rəqiblərini üstələyə bilmir, amma irəli çıxmaq üçün başqa yollar axtarır. İmkanlardan biri rəqib Virgin Orbitin 2023-cü ildə iflasından sonra yarandı: Rocket Lab Riçard Brensonun qurduğu şirkətin Kaliforniyanın Long-Biç şəhərindəki qərargahını və zavodunu 16 milyon dollara aldı.
Ötən il Rocket Lab-ın gəliri 436 milyon dollara çatdı — bu, 2023-cü illə müqayisədə təxminən iki dəfə çoxdur. Eyni zamanda xalis zərər də artaraq 190 milyon dollar olub və şirkət dörd il əvvəl birjada listinqə çıxandan bəri hələ mənfəət göstərməyib. Fəaliyyəti maliyyələşdirmək üçün Rocket Lab əlavə səhm satışı həyata keçirib.
“Electron”un rəqabət apardığı kiçik yük buraxılışları seqmentində Rocket Lab bir çox şirkətləri geridə qoysa da, SpaceX daha güclü rəqib olaraq qalır.
Maskın şirkəti adətən ildə azı bir neçə rideshare missiyası keçirir: müxtəlif müştərilər Falcon 9 raketində yer və xərc paylaşaraq peyklərini orbitə çıxarırlar. Belə “ortaq reyslər” adətən Rocket Lab-ın təklif etdiyindən daha ucuz başa gəlir.
Bununla belə, Rocket Lab rəhbərliyi “Electron”un üstünlüklərini vurğulayır. Onlardan biri SpaceX-in ortaq missiyalarını “şəhər avtobusu gözləmək”lə, “Electron”u isə Uber-lə müqayisə edir: daha bahalıdır, amma daha çevik və rahatdır.
Yeni “Neutron” uçuşunun hər reysi üçün 50–55 milyon dollar civarında qiymətləndirildiyi bildirilir ki, bu da hazırda təxminən 70 milyon dollara başa gələn Falcon 9-dan aşağıdır. Rocket Lab SpaceX-dən cavab gözləyir — Falcon 9-un start sayını artırmaqda şirkət indiyədək ciddi rəqabətlə üzləşməyib. SpaceX şərh istəklərini cavablandırmayıb.