Azərbaycanda mülki mühafizə xidmətlərini həyata keçirən özəl şirkət “TITAN-D” MMC 2024-cü ildə xalis mənfəətini ötən illə müqayisədə 12 dəfəyə yaxın artıraraq 1.15 milyon manata çatdırıb.
Banker.az xəbər verir ki, mühafizə şirkəti 2023-cü ildə cəmi 90,9 min manat xalis mənfəət əldə etmişdi. Bu kəskin artım satışın maya dəyərinin və inzibati xərclərin əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır.
Əməliyyat gəlirləri 2024-cü ildə 13,7% azalaraq 6,88 milyon manata düşsə də, satışın maya dəyəri 30,7% azalaraq 5,31 milyon manata qədər enib. Bu da ümumi mənfəətin 2023-cü illə müqayisədə 427%-dən çox artaraq 1,56 milyon manata çatmasına səbəb olub.
Şirkətin inzibati xərcləri də təxminən 35% azalıb və bu amil vergidən əvvəlki mənfəətin 1,32 milyon manat artaraq 1,44 milyon manata çatmasında mühüm rol oynayıb. Beləliklə, “TITAN-D” MMC daha az gəlirlə, lakin daha effektiv xərclər siyasəti nəticəsində rekord səviyyədə mənfəət əldə edib.
Qeyd edək ki, “TITAN-D” MMC Azərbaycanda fəaliyyət göstərən özəl mühafizə şirkətlərindən biridir və mülki obyektlərin qorunması, təhlükəsizlik sistemlərinin qurulması və risklərin idarə edilməsi üzrə xidmətlər göstərir.