13 C
Baku
Friday, November 22, 2024

Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?

Təcrübədə ara-sıra görürük ki, əsas etibarilə ticarət və ictimai iaşə obyektlərinə, eləcə də bəzi xidmət obyetlərinə adi vətəndaş geyimində daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər. Bu hal sahibkarlar tərəfindən gözlənilməz və sevilməyən haldır. Bəs bunun qanuni əsası varmı?

Banker.az “Vergiler.az”a istinadən xəbər verir ki, mövzunu mühasibat mütəxəssisi İlqar Əsədov şərh edir:

İlk növbədə bilməliyik ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aiddir. Sözügedən hal operativ vergi nəzarəti tədbirlərinə aiddir. Bu nəzarət tədbirləri çərçivəsində vergi orqanı vergi ödəyicilərində qanunvericiliyə riayət edilməsi ilə bağlı bir sıra meyarlar üzrə nəzarət keçirmək funksiyasına malikdirlər. Onlardan bir neçəsini sadalayaq:

– Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması,

– Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi,

– Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi,

– İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi,

– “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi bu məqsədlərdən biridir.

Nəzarət tədbirləri yuxarıda sadalanan məqsədlərlə məhudlaşmır, lakin bunlar daha tez-tez rast gəlinən məsələlərdir.

Məsələn, vergi orqanı nəzarət tədbirləri çərçivəsində sizin əhaliyə çek verib vermədiyinizi, yəni əslində satışınızı rəsmiləşdirib rəsmişləşdirmədiyinizi aşkarlamaq üçün adi vətəndaş geyimində təsərrüfat obyektinizə daxil olur, sizdən mal alır və siz ona çek təqdim etmədikdə xidməti vəsiqəsini göstərərək əslində vergi orqanı əməkdaşı olduğunu və sizi yoxladığını sizə bildirir. Vergi orqanı əməkdaşlarının bu cür mülki geyimdə nəzarət tədbiri keçirmələri tam şəkildə qanuna uyğundur. Belə ki, bir sıra önəmli məsələlərə nəzarət məxfilik tələb edir, əks halda gözlənilən nəticələri əldə etmək mümkün olmazdı. Bu səbəblə Vergi Məcəlləsinin 50.4-cü maddəsində qeyd edilmişdir ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir.

Lakin operativ vergi nəzarəti vergi orqanı əməkdaşlarının şəxsi istəkləri ilə seçmə yolu ilə təsərrüfat subyeklərinə daxil olmaqla deyil, vergi orqanının konkret vergi ödəyicisi barədə qərarı əsasında keçirilir. Elə bu səbəblə də operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

Qeyd edək ki, verdiyimiz nümunədə əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

• Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

• Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

• Təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

 

Son xəbərlər
Digər xəbərlər