Mənə bələdiyyədən, torpaq və əmlak vergisi borcumun olduğu barədə bildiriş gəlib. Bildirişə əsasən, verginin ödənilməsini gecikdirdiyimə görə əlavə faiz ödəməliyəm. Bu, qanunidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.
Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.