Bankların təqdim etdiyi əmanət növlərindən biri də multivalyuta əmanəti adlanır.
Multivalyuta əmanətlərində müştərilər eyni bir depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (AZN, ABŞ dollar, avro və ya digər valyuta) hesab aça bilərlər. Müştərilər həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər. Onlar öz vəsaitlərini istənilən valyutada artıra və vəsaiti istənilən valyutada geri çəkə bilərlər.
Multivalyuta əmanətlərinin üstünlüyü onların universallığında və istifadəsinin rahatlığındadır. Bu əmanət sürətli və sərfəli valyutadəyişmə aləti olmaqla yanaşı, həmçinin əmanətlərin məbləğinin qorunub saxlanması və artırılması vasitəsidir. Multivalyuta əmanətləri müştərilərə yalnız əmanətlərindən faiz şəklində zəmanətli gəlir qazanmaq imkanı deyil, həm də valyuta kurslarının dəyişməsi hesabına əlavə gəlir əldə etmək imkanı verir.