24 C
Baku
Wednesday, August 17, 2022

Müsəlman etikası və marketinqin ruhu

Müəllif: Ruslan Süleymanlı, Marketinq menecer

Bundan 110 il öncə, alman mütəfəkkiri Maks Veber “Protestant etikası və kapitalizmin ruhu” adlı bir əsər yazmışdı.Müəllif,bu əsərində, kapitalizmin protestantlığın bağrından qopub gəldiyini,buna görə də yalnız xristianlığın protestanlıq təriqətinin yayıldığı ölkələrdə:İsveçrə,Almaniya,İngiltərə və sair bu kimi ölkələrdə, kapitalizmin təşəkkül tapmasının mümkünlüyünü sübut etməyə çalışırdı. Şəhərlərin zadəganlara qarşı mübarizə aparan tacir və varlı sənətkarlardan ibarət burjuaziya sinfi, həm xristian dinində reform edərək protestantlığı,həm də öz quruluşu olan kapitalizmi yaratmışdı.Bu baxımdan, quldarlığı paqanizmin,feodalizmi katolik xristianlığının,kapitalizmi isə protestanlığın məhsulu hesab etmək doğrudan da,məntiqli səslənir.

 Veberə görə,kapitalizmin ən önəmli xüsusiyyəti onun rasional olmasıdır.Bu baxımdan,protestanlıq da ən rasional dini təriqət olduğu üçün hər ikisi bir-birinə oxşardırlar və bir-birilərini tamamlayırlar.Əlbəttə ki,hal-hazırda Maks Veberin nəzəriyyəsi üçün bəzi istisnalar da mövcuddur.Məsələn,Yaponiya,Cənubi Koreya, Tayvan, Malayziya, Sinqapur,İsrail kimi protestant olmayan ölkələrdə də zamanla kapitalizm quruluşu təşəkkül tapmışdır.Maks Veber nəzəriyyəsi üzərində düşünərkən,İslam aləminin ruhuna və etikasına uyğun olan bir iqtisadiyyat elmi varmı deyə bir sual ortaya çıxmışdı.Bir az düşündükdən sonra belə fikrə gəldik ki,İslam feodalizm dövründə meydana gəlsə də,öz zamanına görə xeyli irəlini görən,mütərəqqi bir din idi.Qadın,kişi,varlı-kasıb bərabərliyini elan etməsi,hüquq sistemi ortaya qoyması baxımından,İslamın öz dövrü üçün misli yox idi.İslamın bir çox müsbət tərəflərini dəyərləndirdikdən sonra belə fikrə gəlmək olar ki,İslam mədəniyyətində marketinqin inkişafı üçün olduqca münbit mühit olmuşdur.Marketinq,bir elm sahəsi olaraq Qərbdə meydana gəlmiş olsa da,təcrübi tərəflərinin bu elmdən yüzillərlə,hətta minillərlə əvvəl yaranıb inkişaf etdiyi həqiqətdir.Marketinqin ruhunda düzgünlük və müştərinin maraqlarına hörmət yatır.Bunlar İslamın ruhu ilə səsləşən məsələlərdir. Əgər siz, ən yaxşı süd məhsulunu istehsal etdiyinizi müştəriyə elan edirsinizsə,sizin məhsulunuz,ən azından,bazarda yaxşı sayılan digər məhsullarla bütün cəhətlərdən bərabər olmalıdır.Əks təqdirdə,yalan üzərində qurulan marketinq fəaliyyəti gec-tez iflas edəcəkdir.

islamic

  Tarixən,marketinq texnikalarının istifadə olunduğu əsas sahə,ticarət sahəsi idi.Məsələn, qul alveri zamanı,marketinqin müxtəlif texnikalarından istifadə olunmuşdur.Azərbaycan tarixindən bir misala baxaq.12-ci əsrdə Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı olan Şəmsəddin Eldəgiz Dərbənd şəhərində qıpçaq bir ailənin övladı olaraq əsir alınaraq qul kimi satılmışdır.Tacir, qırx qul aldıqdan sonra Eldəgizi bu qulların üzərində hədiyyə kimi ona verilmişdilər.Bu günün marketinqində, bunu bir kampaniya kimi düşünsək,”Nəğd 40 qul alana, 1 qul da bizdən hədiyyə” kimi ifadə etmək olardı.Daha sonra tacir də, qırx qulu Səlcuqlu sarayına nəğd pula satmış, Eldəgizi pulsuz vermək istəmişdir,lakin alan tərəf kifayət qədər zəngin olduğu üçün kampaniyandakı güzəştdən istifadə etmək istəməmiş və Eldəgizdən imtina etmişdir. Lakin son nəticədə,Eldəgiz yalvarıb-yaxarmış,saraya qulluqçu olaraq alınmış,axırda, yeni bir dövlətin əsasını qoyacaq mərtəbəyə qədər yüksəlmişdir.

 Əlbəttə ki,bu cür çoxlu misallar saymaq mümkündür.İstər İslam hədislərində, istər “Qabusnamə” kimi klassik islam əsərlərində marketinqə aid çoxlu misallar tapmaq mümükündür.Bir sözlə,marketinq müsəlman təbiətinə uyğundur.Hər şeydən öncə,müsəlman xalqları kommunikasiyanı çox sevirlər.Bunu, həm isti mühitin xarakterə təsiri ilə,həm də İslamın bir icma dini olması ilə əlaqələndirmək mümkündür.Bundan başqa,müsəlmanlar analitik düşünməkdən çox, inanmağa və empati bəsləməyə daha könüllüdürlər.

     Hətta,cəsarət edib deyərdim ki,marketinqin ruhu müsəlmanın xarakterinin tərkib hissəsidir.Bizdə insanlar, reklam bilbordlarından daha çox ,yaxın bir adamın fikrinə etibar edirlər.Bir çox məhsulu lazım olduğundan daha çox,ətrafındakı insanlar aldığı üçün alırlar.Ölkəmizdə, sadəcə, ətrafına satış etməklə yüksək qazanc əldə edən çox sayda insan mövcuddur.Marketinq istedadı bizim qanımızdadır desək yanlış olmaz.Bir çox sahibkarın marketinq işinə barmaqarası baxmasının səbəbini də beləcə anlamış oluruq.Onlar ola bilsin ki,özlərinin və işçilərinin DNT-sində olan marketinq istedadına arxayındırlar.Bu yaxınlarda,Bakının küçələrinin birindən keçəndə bir dilənçinin səsini eşidib addımlarımı yavaşlatdım.Dilənçi olsa da,bu insanın marketinq istedadı əməlli başlı-hiss olunurdu.Üç cümləni bir sloqan kimi təsirli səslə fasilələrlə təkrar edirdi:

“Gözlərim görmür,ay qardaş-bacılar.Dilənçi deyiləm.Allahın adına kömək edin,siz də kömək görərsiniz”

“Bundan gözəl, marketinq və PR fəaliyyəti bir arada olmaz”- deyə, düşündüm.

Qəhramanımız ilk cümlədə öz “məhsulunu” və hədəf kütləsini ortaya qoyur,ikinci cümlədə özünü digərlərindən fəqrləndirən xüsusiyyəti vurğulayır, sonra ən təsirli zərbəni vurur:daha yüksək bir iradənin adına kömək istəyir və insanların maraqlarına müraciət edir, kömək edin ki, Allah da sizə kömək etsin.Bu yerdə, İsa peyğəmbərin sözləri yada düşür:”Bağışlayın ki, bağışlanasınız”

     Beləcə,dilənən və çox güman ki, marketinq təhsili olmayan bir insan marketinqdən istifadə edərək,gəlir əldə edir.Hansı ki,şirkətlər və fiziki şəxslər də marketinqdən, son nəticədə gəlir əldə etmək üçün istifədə edirlər.İnanmıram ki,marketinq elminin meydana gəldiyi Qərb ölkələrində bu tip dilənçilər sayca çox olsun.Adətən, küçənin kənarında əyləşən,önünə kiçik bir konserv qabı qoyub, sinəsində, “Help”-“Kömək” yazılmış kağız parçası daşıyan insanlara rast gələ bilərik.Bu nümunə bir daha göstərir ki,marketinq müsəlman xalqlarının ruhuna daha yaxındır.

    Bəs o zaman, nədən şirkətlər səviyyəsində mükəmməl marketinq işi nadir hallarda ortaya qoyulur?Müsəlmanların psixologiyası marketinqin ruhuna yaxındırsa nədən şirkətlər səviyyəsində bu özünü göstərmir?Sadə bir səbəbdən,komanda düşüncəsini formaşdıra bilməməkdən.Hər birimiz, nə qədər marketinq fikrinin, şirkət rəhbərliyinin və ya digər kolleqaların otaqlarında ilişib qaldığını çox gözəl bilirik.Fərdi marketinq fikri,qrupların marketinq düşüncəsinə çevrilə bilmir.Eyni vəziyyətə, Azərbaycanın idman nailiyyyətlərində də rast gəlmək mümkündür.Fərdi idman növlərində zirvələr fəth edən idmançılarımız, qrup idman növlərində çox zəif çıxış edirlər.İstisna olaraq,Türkiyəni və Avropa ilə yaxın münasibətdə olan Afrikadakı bəzi müsəlman ölkələrini göstərmək olar. Gərçəkdən də, fərdi potensialların qrup fəaliyyətlərinə adaptasiya edilə bilməməsi ümummilli bir problemdir.Bu, sosioloq və psixoloqlar tərəfindən təcili və ətraflı şəkildə araşdırılmalı,bağça yaşından başlayaraq tədris prosesi vasitəsilə bu əngəl aşılmalıdır.

    Nəticə olaraq,müsəlman etikası marketinqin ruhu ilə səsləşsə də,bu hələki,fərdi səviyyədə qalmağa məhkumdur.Çünki fərdlər,öz şəxsi qabiliyyətlərini qrupun maraqları üçün uğurla istifadə edə bilmirlər,daha çox fərdi nailiyyətlərə can atırlar.Nəticədə, bəzi istisnalar olmaqla müsəlman ölkələrinin əksəriyyəti parlaq marketinq fəaliyyətindən məhrum qalırlar.

Son xəbərlər
Oxşar xəbərlər