FED-in uçot dərəcəsini artırma tsiklinin tezliklə bitməsi dünya iqtisadiyyatının durğunluqdan çıxmasını və maliyyə bazarlarının müsbət tendensiyasını bərpa etməsinə imkan verəcək. Analitik qrupu bildirir ki, ABŞ-ın uçot dərəcəsi üzrə artma və azalma tsiklları dünya iqtisadiyyatının inkişaf və durğunluq tsiklları ilə üst-üstə düşür. Yəni, ABŞ-da uçot dərəcəsi artdıqda dünya iqtisadiyyatı yavaşlayır və əksinə, uçot dərəcəsi azaldıqda qlobal iqtisadiyyatın artım tempi sürətlənir. Buna səbəb ABŞ-da uçot dərəcəsi azaldıqda maliyyə vəsaitlərinin dünyanın digər bölgələrinə axın etməsi amili göstərilir.
“Lakin hazırda vəziyyət tam tərsinədir. ABŞ iqtisadiyyatı sürətlə inkişaf edir və uçot dərəcəsi artım tsiklinə daxil olub. Hətta, ABŞ iqtisadiyyatının inkişaf tempi 2016-cı ildə, xüsusilə son 6 ayda daha da sürətlənərək qlobal ÜDM-in artımını ötüb. Belə ki, ABŞ iqtisadiyyatı III rübdə 3,2% artaraq Beynəlxalq Valyuta Fondunun (İMF) dünya iqtisadiyyatı ilə bağlı 2016-cı il üçün hazırladığı proqnozu 0,1 faiz bəndi üstələyib”, – deyə analitiklər qeyd ediblər.
Ümumiyyətlə, ABŞ-da uçot dərəcəsinin statistikasına diqqət yetirsək, faizlərin 0-20% arasında dəyişdiyini müşahidə etmiş olarıq. Amma, burada daha çox 1990-cı ildən sonra sosialist bloku ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasından sonrakı dönəmə təhlil etmək vacibdir. Bu da 1990-2016-cı illər arasında FED-in uçot dərəcəsinin 0-10% diapazonunda hərəkət etdiyini göstərir (aşağıdakı qrafikdə ABŞ-da faizlərin dəyişmə dinamikası əks etdirilib).
“Report”un analitik qrupu bildirir ki, FED-in uçot dərəcəsini artırması nəticəsində dünyada dollara tələbat artır. Buna səbəb maliyyə vəsaitlərinin dollara konvertasiya olunaraq ABŞ dövlət istiqrazlarına axmasıdır. Nəticədə, inkişaf etməkdə olan ölkələrdən kapital axını baş verir və bu ölkələr maliyyə böhranı ilə üzləşir. Lakin bildirmək lazımdır ki, müəyyən dövrdən sonra bu proses bitəcək və inkişaf etməkdə olan ölkələrdə aktivlərin ucuzlaşması onlara marağı yenidən artıraraq müəyyən qiymət səviyyəsində tarazlıq yaradacaq.
“Hələlik bu barədə danışmaq tezdir. Hazırda dünyanın inkişaf etməkdə olan ölkələrindən sürətlə kapital axını davam edir və qiymətlərin kəskin azalması baş verir. Bu proses FED-in uçot dərəcəsini ən azı 3,5-4% səviyyəsinə çatdırana qədər davam edəcək. Ümid edək ki, FED bu prosesi mümkün qədər tez sonlandıracaq və dünya iqtisadiyyatı, inkişaf etmiş ölkələr istisna olmaqla, böhranla üzləşdikdən sonra iqtisadi artıma qovuşacaq”, – deyə Agentliyin ekspertləti əlavə ediblər.