10 C
Baku
Friday, October 25, 2024

Mütəxəssis: “Azərbaycanda krediti “Allah kərimdir” prinsipi ilə götürürlər”

“Kredit götürmək, ödəmək, bu vasitə ilə müəyyən işlər görmək bu gün cəmiyyətdə ən aktual məsələlərdən biridir. Əslində, vətəndaşları qınamaq düzgün deyil. Orta aylıq əmək haqqının 500 AZN olduğunu nəzərə alsaq, bu məbləğlə ev, avtomobil, təhsil almaq üçün ən azı 20-30 il yemədən, içmədən pul yığmaq lazımdır. Bu da real olmadığı üçün insanlar kreditə müraciət edirlər”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, sığorta mütəxəssisi Xəyal Məmmədxanlı deyib.

Qonaq, sözügedən məsələdə əsas problemin hər kəsin ayağını yorğanına görə uzatmaması olduğunu bildirib. Onun sözlərinə görə, bu dövrdə “qonşudan qalma geri” düşüncəsi ilə hərəkət edənlər çoxdur: “Hətta sorğu keçirmək olar ki, siz kredit alarkən kredit müqaviləsini və ya sığortalanarkən sığorta müqaviləsini nə zamansa oxumusunuzmu? Yaxud faizləri, məbləği büdcənizlə müqayisə etmisinizmi? İnandırım ki, onların 90, bəlkə də 99 faizi “xeyr” cavabı verəcək. Problemlərimizin böyük hissəsi bununla bağlıdır. Digər məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan bankları çox ağır siyasət yürüdürlər. Xüsusilə, faiz və kredit siyasətində. Radioda 29 faizlik krediti elə reklam edirlər ki, sanki insanlara faizsiz pul verirlər. Bu, acınacaqlı haldır. Vətəndaş və ya sahibkar 29 faizlə kredit götürürsə, üzərinə gəlirləri, xərcləri, əmək haqlarını, işlərin aparılması üçün lazımlı xərcləri gələn zaman ən azı 55-60% gəlir əldə etməlidir ki, evinə də çörək pulu apara bilsin”.

Azərbaycanda fiziki şəxslərin istifadə etdiyi kreditlərin həcmi 1 milyardı ötüb

X. Məmmədxanlı bildirib ki, Azərbaycanda istehlakçıların, yəni fiziki şəxslərin istifadə etdiyi kreditlərin həcmi 1 milyardı ötüb: “Kredit faizlərini artırmaq və şərtləri ağırlaşdırmaq çıxış yolu deyil. Əgər kredit aşağı faizlə və normal şərtlərlə verilsə, onu 10 nəfər və normal ödəmə qabiliyyəti olan adam alacaq. Və pulun geri qayıtması şansı daha böyük olacaq. Əks halda, müştərilərin sayı az olacaq və onlar da problemli müştəri olacaqlar. Bu səbəbdən də böhrandan çıxmaq üçün faizləri qaldırmaq çıxış yolu deyil. Nəticədə, insanlar çətin vəziyyətə düşürlər. Buna görə riskləri, büdcəni düzgün hesablamaq lazımdır”.

Onun sözlərinə görə, istehlakçıların böyük bir qismi “Allah kərimdir” prinsipinə əsaslanaraq kredit götürür: “Dünya sistemində, inkişaf etmiş ölkələrdə ailə büdcəsinin hesablanması deyə bir məfhum var. Bu o deməkdir ki, ilin əvvəlində bütün gəlirlər hesablanmalıdır. Sabit və gözlənilməz xərclər nəzərə alınmalıdır. Sabit xərclərə yemək, təhsil və s. daxildir. Gözlənilməz xərclər isə qəzalar, xəstəlik, fəlakət və s. Bunun üçün sığorta var. Amma ən azı sabit xərcləri hesablamaq olar ki, kredit ödəməyə imkan olacaq, ya yox. Azərbaycanda təəccüb doğuran hallardan biri 550-600 AZN maaş alan vətəndaşa 100 minlik avtomobil kreditinin verilməsidir. Bank bilə-bilə həm özünü, həm də vətəndaşı problemə salır”.

Kreditin əsasında nəfs dayanır

Verilişin digər qonağı istehlak kreditlərinin satışının təşkili şöbəsinin müdiri Rəşad Mailov  bildirib ki, həm vətəndaşlar, həm də bank kreditinin verilməsində nəzərdə tutulan öhdəliklərə diqqət yetirsələr, bu məqbul sayılar: “Son zamanlar Mərkəzi Bank tərəfindən kredit sistemində bəzi islahatlar keçirilib. Vətəndaşların kreditlərlə yüklənməməsi prioritetdir. Və bank sistemində çalışanlar üçün bu düzgün siyasətdir. Ötən illərin təcrübəsi göstərir ki, insanlar krediti düzgün anlamırlar. Kredit ödənişi o deməkdir ki, siz qazanılmayan pulları kimdənsə borc götürmüsünüz və onu gələcəkdə ödəyəcəksiniz. Amma insanlar çox zaman bunu anlamırlar. Kreditin əsasında nəfs dayanır”.

Qonaq qeyd edib ki, dünya təcrübəsində kredit götürənin statusuna xüsusi fikir verilir: “Dünya ölkələrinin təcrübəsində belə bir məqam var – kredit veriləcək müştərinin statusu müəyyən edilir. Orta təbəqədən olan şəxsə onun imkanları xaricində olan məbləğin verilməsindən imtina oluna bilər. Bununla da “istehlak iştahı”nı tənzimləməyə çalışırlar. Bizdə də bu istiqamətdə tədbirlər həyata keçiriləcək”.

Mütəxəssis həmçinin, ilin əvvəlində baş verən devalvasiyadan sonra, kredit siyasətində tətbiq edilən dəyişikliklər və kreditlərin dondurulması məsələsinə aydınlıq gətirib: “Fevral ayında baş verən devalvasiyadan sonra, bankların bir çoxu, xüsusilə problemli müştərilərə qarşı siyasəti bir qədər yumşaldıb. Müxtəlif restrukturizasiya əməliyyatları keçirilib – kreditin müddəti uzadılır, aylıq ödənişin aşağı salınması məqsədilə güzəştli müddət verilir, faiz dərəcələri aşağı salınır və s. Ödəniş qabiliyyəti olmayan müştəridən girov tələb olunur. Yaxud, ödəniş edilənə qədər müddətin uzadılmasına dair saziş imzalanır. Əksər kommersiya bankları kreditləri digər vəsaitlər hesabına veriblər. Yalnız müəyyən fərdi şəxslərin kreditlərini dondurmaq olar. Amma bunu kütləvi şəkildə etmək mümkün deyil”.

Qonaq bir neçə ay öncə tətbiq olunmağa başlayan “Həyat sığortası” haqqında da məlumat verib: “Mərkəzi Bank faiz dərəcələrinin aşağı salınmasını tövsiyə etdi. Bankların əksəriyyəti bu tövsiyəyə riayət etməyə çalışır. Bu kredit risklərini aşağı salmaq üçün lazımlı addım idi. Ancaq banklar pulu baha alıb, ucuz satmaq məcburiyyətində qalırlar. Devalvasiyadan sonra dəymiş zərəri nəzərə almasaq, fərq banklara bəlkə də yetərli ola bilər. Əgər kredit ucuz satılırsa, riski başqa yolla qapamaq üçün belə bir addım atılıb. Bank sığorta təklif etməklə riski azaldır. Müştəri krediti qaytarmaq qabiliyyətində olmasa, məsələn, vəfat etsə, bank krediti bu yolla bağlayacaq”.

Son xəbərlər
Digər xəbərlər