“Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli Fərmanında göstərilmiş tapşırıqların icrasına uyğun olaraq, “ASAN xidmət” hazırda mövcud olan “egov” (elektron ökumət) əvəzinə “mygov” (mənim hökumətim) yeni konseptual platformanı istifadəyə verir.
“Egov” platformasının modernləşdirilməsi əhaliyə xidmət üzrə hazırkı sistemin yenidən format edilməsilə onun daha məhsuldar olmasına imkan yaradır. Belə ki, “egov” platforması və “ASAN xidmət”in özü “re-active” prinsipi üzrə fəaliyyət göstərir, yəni xidmətlərin göstərilməsi vətəndaşın öz tələbatlarından asılı olaraq etdiyi müraciət əsasında başlayır. Öz növbəsində, “pro-active” prinsipi üzrə fəaliyyət göstərməklə “mygov” platforması innovativ yanaşma təqdim edir. Yəni vətəndaşın müraciəti olmadan ona bu və ya digər xidmətin göstərilməsinin vacibliyi barədə bildiriş göndərilir. Bununla da, “mygov” platforması qabaqlayıcı dövlət prinsipi üzrə fəaliyyət göstərməklə hər bir vətəndaşın bu və ya digər xidmətə olan təlabatını analiz edir və qabaqcadan onu bu barədə məlumatdıraraq, həmin xidmətlə birbaşa təmin edir.
Məsələn, şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin, etibarnamələrin və başqa sənədlərin istifadə müddətinin bitməsi barədə vətəndaşlara bildiirş göndəriləcək.
Hazırda sözügedən portalın istifadəyə verilməsi üzrə həyata keçirilən son texniki işlər başa çatmaqdadır. İlkin mərhələdə “mygov” portalı vasitəsilə əhali arasında daha çox populyar olan 27 dövlət elektron xidməti, eləcə də, 7 bildiriş xidməti təqdim ediləcək.
Məsələn, sənədlərin istifadə müddətinin bitməsi, uşaqlara peyvənd vurulması, vətəndaşa qarşı məhkəmə icraatının başladılması barədə xəbərdarlıqlar, dövlət orqanlarına müraciət, pensiya və sığortalar haqqında informasiya-axtarış sistemləri, miqrantlar barədə, rabitə xidmələri haqqında məlumatlar, diplomlar barədə məlumatlar, nikah qeydiyyatı xidmətləri, cərimələr, iş və yaşayış yerlərindən arayışlar, vətəndaşın hərbi xidmət keçməsi barədə arayış, “AsanPay” sistemi ilə göstərilən bütün ödənişli elektron xidmətlər və s. bura aiddir.
“Mygov” portalının istifadəyə verilməsi vətəndaşla məmur arasında birbaşa əlaqənin aradan qalxmasına imkan verəcək, şəffaflıq prinsipinə riayət olunmasını təşviq edəcək, onlayn xidmətlərin siyahısını genişləndirəcək, hər bir konkret xidmətə görə vətəndaşın sərf etdiyi vaxtı və maliyyəni minimuma endirəcək.
Həmçinin, “mygov” platformasında əhalinin məlumat bazasının təhlükəsizliyinə xüsusi diqqət ayrılacaq, bu və ya digər şəxs barəsində informasiyanın üçüncü tərəfə təqdim edilməsi yalnız həmin şəxsin öz icazəsi ilə mümkün olacaq.
“Mygov” portalı həm internet versiyada, həm də mobil tətbiqetmə formasında hər kəs üçün əlçatan olacaq. Portalda hər vətəndaşın özünün ayrıca “şəxsi kabineti” olacaq və oradan istədiyi xidməti əldə edə biləcək. “Mygov” portalındakı “şəxsi kabinet”dən məhdud fiziki imkanlı şəxslər də asanlıqla istifadə edə biləcəklər.