22 C
Baku
Monday, October 7, 2024

Nədir “1.5 dərəcə” Selsi və ya “1.5°Celsius”?

Anlayış barədə

İqlim dəyişikliyi bəşəriyyətin ən böyük çağırışlarından biri olaraq qalır. Xüsusilə, Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə Selsi hədəfi mühüm əhəmiyyət kəsb edir. Bu hədəf qlobal temperatur artımını sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmağı nəzərdə tutur. Əgər bu hədd aşılarsa iqlim sistemlərində bərpa olunmayan dəyişikliklər baş verəcək və bu da qlobal miqyasda ekosistemlərə, iqtisadiyyatlara və insan sağlamlığına mənfi təsir göstərəcəkdir.

1.5 dərəcənin əhəmiyyəti barədə

İqlim üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına əsasən qlobal temperatur artımı 1.5 dərəcəni aşarsa daha geniş miqyaslı fəlakətlər baş verə bilər. Bunlardan ən iri miqyaslıları:

– Dolu, qasırğa, quraqlıq və sel kimi hava hadisələri daha da intensiv və daha tez-tez baş verə bilər
– Milyonlarla bitki və heyvan növü təhlükə altında qala bilər, bəzi növlər isə tamamilə məhv ola bilər
– İstiləşmə nəticəsində xəstəliklərin yayılması və qida təhlükəsizliyinin azalması ehtimalı arta bilər
– Dəniz səviyyəsi daha sürətlə yüksələ, sahil bölgələri və ada dövlətlərində yaşayan milyonlarla insanların yaşam riski yarana bilər

 

Hədəfə nail olmağın universal yolları

Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi: Qlobal istiləşmənin qarşısını almaq üçün əsas həll yollarından biri enerji istehsalında bərpa olunan mənbələrin payını artırmaqdır. Günəş, külək və hidroenerji kimi mənbələrdən istifadə etmək karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu mənbələr sonsuz, təmiz və davamlıdır. Bunlar, qlobal enerji keçidinin əsasını təşkil edir.

Enerji effektivliyinin artırılması: Enerji istehlakında səmərəliliyi artırmaq qlobal miqyasda istilik emissiyalarını azaltmaq üçün ən vacib strategiyalardandır. Binaların izolyasiyası, daha səmərəli texnologiyaların tətbiqi, sənaye və nəqliyyat sektorlarında enerjidən səmərəli istifadə kimi tədbirlər bu mənada mühüm amillərdir.

Aşağı emissiyalı texnologiyaların tətbiqi: Sənaye və nəqliyyat sektorlarında karbon emissiyalarının azalması üçün yeni texnologiyaların tətbiqi vacibdir. Elektrikli nəqliyyat vasitələrinin və karbon tutma və saxlama texnologiyalarının geniş miqyasda tətbiqi bu istiqamətdə mühüm addımlardandır.

Karbon tutma və saxlama texnologiyaları tətbiqi: Atmosferdəki karbonun tutulması və saxlanılması üzrə texnologiyaların tətbiqi artıq mövcud olan karbon qazını azaltmaq üçün strateji əhəmiyyət daşıyır. Bu texnologiyalar böyük potensiala malikdir və iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynaya bilərlər.

Meşə, yaşıllıq zonalarının bərpası, salınması və genişləndirilməsi: Meşələrin bərpası, karbonu udmaq və havanı təmizləmək üçün təbii həll yollarından biridir. Meşələrin genişləndirilməsi və qorunması, biomüxtəlifliyin saxlanılmasına torpaq eroziyasının qarşısının alınmasına və karbon emissiyalarının azaldılmasına mühüm töhfə verir.

Azərbaycanda bu hədəfə nail olma istiqamətində tətbiq olunan strategiyalar

Azərbaycan bərpa olunan enerji sahəsində – xüsusilə günəş və külək enerjisi – mühüm potensiala malik ölkədir. Ölkədə bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

Bərpa Olunan Enerji Mənbələri: Azərbaycan “Yaşıl Enerji” strategiyası çərçivəsində 2030-cu ilə qədər enerji sektorunda bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir. Xüsusilə, ölkənin dəniz külək enerjisi sahəsində böyük potensialı var. Bu layihələr həm yerli enerji təminatını artıracaq, həm də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm töhfə verəcək.

Elektrik nəqliyyatı və səmərəli nəqliyyat sistemləri: Bakı şəhərində elektriklə işləyən avtobusların və hibrid nəqliyyat vasitələrinin istifadəsi genişlənir. Bu, nəqliyyat sektorunda emissiyaların azalmasına kömək edir. Nəqliyyatda enerjiyə qənaət tədbirləri və ictimai nəqliyyatın genişləndirilməsi şəhər həyatının karbon izini azaltmağa istiqamətlənmişdir.

Şuşa – Yaşıl Enerji Zonasının inkişafı: Qarabağ bölgəsində, xüsusilə Şuşa şəhərində “Yaşıl Enerji Zonasının” yaradılması planlaşdırılır. Bu, Azərbaycanın bərpa olunan enerji sahəsindəki iradəsini göstərir və bu regionun davamlı inkişafına töhfə verəcəkdir.

Enerji effektivliyi layihələri: Azərbaycan həmçinin binaların enerji effektivliyini artırmaq, sənaye sektorunda texnologiyaları təkmilləşdirmək və elektrik enerjisinin itkilərini azaltmaq istiqamətində işlər görür. Bu tədbirlər enerji istehlakını azaltmaq və karbon emissiyalarını minimuma endirmək məqsədlərini daşıyır.

Yekun mesajlar

1.5 dərəcə hədəfinə çatmaq qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün hərtərəfli tədbirlərin həyata keçirilməsini tələb edir. Bu, yalnız texnologiya və enerji sahələrində dəyişikliklər deyil, həm də siyasi və ictimai iradə tələb edən bir prosesdir. Gələcək nəsillərin rifahını təmin etmək və iqlim fəlakətlərinin qarşısını almaq üçün bu səylərin davamlı olaraq aparılması vacibdir.

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər