-4 C
Baku
Wednesday, February 28, 2024

Nədir ESG?

Hər nə qədər bu abreviatur ilə son 2-3 ildə qarşılaşsaq da ESG anlayışının kökləri 1960-ci illərə qədər gedib çıxır. Ötən 4 dekada ərzində “korporativ sosial məsuliyyət”, daha sonra “korporativ dayanıqlılıq” anlayışları ilə əlaqələndirilsə də sonradan formasını dəyişən ESG indiki mahiyyəti ilə 2004-cü ildən etibarən tətbiq olunmağa başlanmışdır.

Ümumilikdə ESG – biznesin ətraf mühitə və cəmiyyətə təsirini, həmçinin biznesin özünün nə qədər şəffaf və etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, prinsiplər toplusdur.

Bu meyarları aşağıdakı nümunələrlə izah etsək:

(E)nvironment – Ətraf mühit (ekoloji) meyarı iqlim dəyişikliyi, hava, su çirkliliyi, enerjinin effektiv istifadəsi, karbon və istixana qazlarının buraxılışı, meşələrin qırılması və biomüxtəlifik kimi məsələləri əhatə edir. Bu meyarın məqsədi biznesin fəaliyyət göstəridiyi ətraf mühitə təsiri vasitəsilə o mühiti qorumaqdır.

Bunlara praktiki nümunələr olaraq aşağıdakıları sadalamaq olar:

  • Enerji istehlakını azaltmaq və bunu bərpaolunan enerji mənbələri ilə əvəzləmək
  • Daha yaşıl məhsul və xidmətlər hazırlamaq
  • “Sıfır Tullantı” məhsullarına və ya dayanıqlı qablaşdırmaya keçmək
  • LED işıqlandırmaya keçməklə karbon emissiyasını (CO2) azaltmaq
  • Təkrar emalı artırmaq və emal olunmayan tullantıları isə azaltmaq

(S)ocial – Sosial meyarı özündə insan hüquqları, müxtəliflik, diskriminasiya, cəmiyyətdəki əlaqələr və digər bəşəri münasibətləri özündə birləşdirir. Bu meyarın məqsədi sosial qrupları təmsil edən tərəflər – əməkdaşlar, təchizatçılar, müştərilər və cəmiyyətin digər üzvləri – üçün münasibətləri tənzimləmək və onlar üçün dəyər yaratmaqdır.

Bunlara praktiki nümunələr olaraq aşağıdakıları sadalamaq olar:

  • İş yerlərində bərabərliyi, müxtəlifliyi və inklüzivliyi və digər hüquqları təmin etmək
  • Əməkdaşlara təlimlərin keçirilməsini, onların sağlamlığını, təhlükəsizliyini və rifahını təmin etmək
  • Bərabər və təhlükəsiz iş mühiti formalaşdırmaq
  • Yerli cəmiyyətin inkişafı üçün investisiyalar (təhsil, səhiyyə, mədəniyyət və s.) etmək
  • Müştərilərə hörmətlə və dürüst davranmaq

(G)overnanceİdarəetmə meyarı isə biznesin idarəetmə quruluşunu, maliyyə şəffaflığını, mükafatlandırma qaydalarını, hesabatlıq standartlarını, vergi siyasətini, rüşvət və korrupsiyaya qarşı mövqeni, maraqlar münaqişəsi kimi məsələləri ehtiva edir. Bu meyarın məqsədi idarəetmənin qayda və qanunlara, həmçinin sektor üzrə ən yaxşı təcrübə və korporativ prinsiplərə uyğunluğunu təmin etməkdir.

Bunlara praktiki nümunələr olaraq aşağıdakıları sadalamaq olar:

  • Maraqlı tərəflərə maliyyə göstəricilərini, biznes əməliyyatları və strategiyası barədə hesabatları təqdim etmək
  • Rəhbər şəxslərin biznesin riskləri və qazancları üçün məsuliyyət daşımasının təmin etmək
  • İş yerində, korporativ mühitdə biznes etikasının tətbiqini təmin etmək
  • Rəhbər heyətin tərkibcə müxtəlifliyini və onların mükafatlandırılmasının açıq, şəffaf olmasını təmin etmək
  • Əməkdaşları və rəhbərləri etik olmayan davranışları üçün məsul tutmaq

ESG-nin məqsədi nədir?

Mikro səviyyədə: Şirkətlərin fəaliyyətini təhlil edib onlara investiya etmək üçün qiymətləndirmə vasitəsidir.

Makro səviyyədə: Ölkələrin, coğrafiyaların çağırışlarla dolu mütəmadi dəyişən dünyada onların dayanıqlı fəaliyyətinə zəmin yaradan, onları dəstəkləyən prinsiplər toplusudur.

 ESG meyarlarının tətbiqi üzrə ümumi mənzərə

İnkişaf etmiş ölkələrdə aparılmış müxtəlif sorğularda investorların orta hesabla üçdə ikisinin ESG prinsiplərinə riayət edən şirkətlərə investisiya etməyə meyilli olduqlarını göstərir. Bu yanaşma bir şirkətin ətraf mühit və idarəetmə sahələrində risklərini miniallaşdırdığını, həmçinin sosial məsuliyyətli olduğunu göstərir ki, hər bir investor maliyyə göstəriciləri ilə yanaşı bu meyarları nəzərə alır.

Xüsusilə son illərdə ətraf mühit sahəsində qanunvericiliyin inkişafı və nəzarətin tətbiqi bu standartlara istinadın, riayət edilməsinə tələbin artmasına səbəb olmuşdur. Misal, Avropa Birliyində (AB) 2023-cü ildə qəbul edilmiş olan Korporativ Dayanıqlılıq Hesabatına dair Direktiv-ə əsasən AB-də fəaliyyət göstərən təxminən 50 min şirkət hər il ətraf mühit, sosial məsələlər və idarəetməyə dair illik hesabatlarını təqdim etməlidirlər.

ABŞ-da isə qiymətli kağızlar bazarına nəzarət edən qurum SEC (Qiymətli Kağızlar və Birja üzrə Komissiya) 2022-ci ildən etibarən bütün şirkətlərin illik maliyyə hesabatları ilə yanaşı ESG meyarlarına dair məlumatları özündə əks etdirən hesabatları da tələb etməyə başlamışdır.

Qeyd olunan bu tələblərin yaranmasına zaman keçdikcə zərurət yaradan çoxsaylı hadisələr baş vermişdir. Onlardan tarixdə ən böyükləri olaraq göstərilən hadisələrə bunları nümunə göstərmək olar:

  • 2015-ci ildə Volkswagen şirkətinin 11 milyon ədəd dizel mühərrikli maşınını qanunsuz olaraq ekoloji testdən keçirməsi (buna görə 27.4 milyard avro cərimə edilmişdir)
  • 2010-cu ildə BP-nin dənizə 3.2 milyard barel neft axıtması (buna görə 53.8 milyard dollar cərimə edilmişdir)
  • 2010-cu ildə Cambridge Analytica-nın 87 milyon Facebook istifadəçisinin məlumatlarını qanunsuz olaraq siyasi kampaniyalar üçün istifadə etməsi (buna görə şirkət 725 milyon dollar cərimə edilmiş, 5 milyard dollar həcmində bazar dəyərini itirmişdir)

Orxan Məmmədli

 

Son xəbərlər
Digər xəbərlər