Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kreditinin verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. Yəni, belə desək yeni bir qərar ilə artıq banklar arayışsız istehlak krediti verməyəcək.
Qadağanın əsas səbəbi isə problemli kreditlərin məbləğinin sürətlə artmasıdır. İstər 2012-ci il, istərsə də 2013-cü illərdə kommersiya banklarının istehlak kreditləşməsinə meyl etməsi daha çox mənfi addımların atılması ilə nəticələndi.
Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyuldu. Ekspertlərin sözlərinə görə , son illər kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb. Məhz buna görə də Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib. Belə bir qərarın qəbul olunmasından sonra əhali arasında bankların kredit verməsinin tamamilə dayandırması barədə fikirlər də az səslənmədi. Ancaq nəzərinizə çatdırmalıyam ki, burada söhbət istehlak kreditlərinin tamamilə dayandırılmasından yox, kreditlərin verilmə şərtlərində müəyyən dəyişikliklərin edilməsindən gedir. Bu barədə iqtisadçi ekspert Vüqar Bayramov Banker.az saytına verdiyi müsahibədə açıqlama verib.
2013-cü ilin yekunları göstərdi ki, kommersiya bankları tərəfindən verilmiş təxminən 800 mln manata yaxın kreditin geri qaytarılması mümkün deyil. Belə kreditlərin geri qaytarılması çox vaxt mümkün olmur. Yəni, bunlar artıq ölmüş, vaxtı keçmiş və ya problemli kreditlər sayılır. Problemli kreditlər Azərbaycan kredit portfelinin 5,1 %-ni təşkil edir. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə yüksək bir göstəricidir. Yəni beynəlxalq göstəricilərə əsaslansaq, onda deyə bilərik ki, əgər problemli kreditlər kredit portfelinin təxminən 3% -dən artıq hissəsini təşkil edirsə, o zaman vəziyyət kretik hesab olunur.
Azərbaycanda beynəlxalq standartlarla müqayisədə vəziyyət kretik həddən 2 dəfə daha pisdir.
Təbii ki, problemli kreditlərin həddi istehlak kreditlərinin hesabına artır. Mərkəzi bankın verdiyi məlumata əsasən, vətəndaşların yaratdığı problemli kreditlər artıq kütləvi hala çevrilmişdir. Hətta bəzi vətəndaşlar istehlak krediti götürüb səyahətə də gedirdi. Amma sonradan həmin krediti qaytara bilmirdi. İstehlak kreditlərinin genişlənməsi və kommersiya banklarının demək olar ki, şərtsiz, bəzən isə müəyyən bir məbləğə qədər heç bir arayış təqdim etmədən istehlak kreditləri verməsi həddən artıq çox idi. Baxmayaraq ki, 2008-ci ildə Mərkəzi Bank tərəfindən qəbul edilmiş, 2010-cu ildə isə kreditlərin verilməsi barədə bu qanuna edilən dəyişikliklərə əsasən arayış olmadan kreditlərin verilməsi qadağan idi.
Amma buna rəğmən 2012 və 2013-cü illərdə bəzi banklar hətta 3500 və ya 4000 manatadək kredit təklif edirdilər. Və bu da ona gətirib çıxardı ki, bank sektorunda piramida prinsipi formalaşdı. Məsələn, hər hansı bir vətəndaş bir bankdan 2000 manat həcmində kredit götürürdü. Daha sonra həmin kredit borcunu verə bilmədikdə digər banka müraciət edərək, bu dəfə artıq 4000 min manat məbləğində kredit götürüb birinci banka 2000 manat kredit borcunu ödəyir, qalan 2000 manat pulu isə özü istifadə edirdi. Bir müddət sonra isə bu kredit borcunu da verə bilmədiyinə görə artıq üçüncü banka müraciət edərək 6000 min manat məbləğdə nəğd kredit götürürdü. Və bu dəfə isə ikinci borclu olduğu banka 4000 min manat ödəyir, digər 2000 manatı isə yenidən özü xərcləyirdi. Daha sonra isə bəlli olurdu ki, o artıq 6000 min manat kredit borcunu da qaytara bilmir. Amma yenidən digər banka müraciət edərək 8000 manat kredit götürə bilmədiyini anlayanda artıq gec idi. Belə haların isə çoxalması artıq kütləvi bir hal almışdı. Bu da öz növbəsində problemli kreditlərin artmasına gətirib çıxardı. Və nəticədə 2013-cü ildə istehlak kreditində süni şəkildə formalaşdırılan piramida uçdu. Lakin bu piramida dağıldıqdan sonra Mərkəzi Bank inzibati yolla və daha sərt qaydalarla kütləvi kreditləşmənin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi və Mərkəzi Bankda fevral ayının 1-dən artıq qüvvəyə minmiş yeni qaydaya əsasən istehlak kreditləşməsi üçün kommersiya banklarındakı normalar daha da sərtləşdirildi.
Bildiyiniz kimi bütün maliyyə böhranları ilk əvvəl bank sektorundan başlayır. Və bundan sonra dünya praktikasına əsasən ümumi kredit portfelinin ¼ -dən çox hissəsi artıq istehlak kreditləşməsinə ayrılmayacaq. Belə bir qanun layihəsinin qəbul olunmasından sonra Azərbaycan iqtisadiyyatında maliyyə böhranının yaranmaması proqnozlaşdırılır.