13 C
Baku
Wednesday, November 20, 2024

Nədir “Yaşıl iqtisadiyyat”?

Ümumi anlayış
Elə bir iqtisadi (eko)sistemdir ki, bu sistemdə ətraf mühitə ən az zərər vurmaqla və ətraf mühitdə mövcud olan təbii sərvətləri tükətmədən və ya az tükədərək insanların rifahı yüksəldilir və sosial bərabərlik təmin edilir.

Anlayışın tarixçəsi
Bu anlayışa ilk dəfə 1989-cu ildə ətraf mühit üzrə tanınmış mütəxəssislər tərəfindən Birləşmiş Krallığın hökuməti üçün hazırlanmış olan “Yaşıl iqtisadiyyat üçün planlar”a dair hesabatda geniş verilmişdir. Hesabatda davamlı inkişafın iqtisadi artıma təsirlərinə dair məsələlərə toxunulur.

Anlayışın qlobal xarakter daşıması isə 2008-ci ilə təsadüf edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı tərəfindən ölkələrin həmin ərəfədə baş vermiş qlobal böhrandan çıxış planlarına yaşıl iqtisadiyyata dair təşəbbüsləri də daxil etmələri tövsiyə edilmişdir.

Ənənəvi (yaşıl olmayan) iqtisadi sistemdən fərqi
Əgər ənənəvi iqtisadiyyatda iqtisadi artıma ətraf mühit və ətraf mühitdə mövcud olan təbii (bərpa olunmayan) resurlar nəzərə alınmadan nail olunursa, yaşıl iqtisadiyyatda iqtisadi artıma bu iki anlayışa – ətraf mühit və təbii resurslar – balanslı və dayanıqlı yanaşma nəzərə alınmaqla nail olunması hədəflənir.

Faydaları
Ətraf mühit: Ən böyük fayda ətraf mühit sahəsindədir. Karbon emissiyasının, ətraf mühitin çirkləndirilməsinin azaldılması nəticəsində daha böyük miqyasda təmiz hava və təmiz suyun əldə edilməsinə, eyni zamanda biomüxtəlifliyin və bu ekosistemin qorunmasına nail oluna bilər.

İqtisadi: Bu istiqamətdə görülən işlər bərpa olunan enerji, dayanıqlı kənd təsərrüfatı, yaşıl texnologiyalar və aidiyyəti digər sahələrdə yeni bazarların (bizneslərin) və iş imkanlarının yaranmasına gətirib çıxarır. Bu da iqtisadi sistemlərin canlanması deməkdir.

Sosial: Ətraf mühitə vurula biləcək zərərlərin azaldılması nəticəsində ölkələrdə insanlar üçün daha sağlam ətraf mühit və daha yüksək rifah (təhsil, iqtisadi vəziyyət) mühiti yaranmış olur.

Nümunələr
Bərpa olunan enerji texnologiyaları üzrə: Günəş, külək, geotermal enerjinin və hidroenerjinin geniş miqyasda tətbiqi.

Dayanıqlı nəqliyyat üzrə: Elektriklə işləyən/hibrid avtonəqliyyat vasitələri, elektriklə işləyən ictimai nəqliyyat sistemi, velosipedlərdən istifadə, daha çox piyada keçidlərinin salınması.

Kənd təsərrüfatı üzrə: Səlis fermerlik (GPS, sensorlarla məhsuldarlığın təşkili), təbii/orqanik fermerlik, vertikal fermerlik, akvaponik sistemin tətbiqi (balıq və bitkilərin bir yerdə yetişdirilməsi), ağıllı suvarma sisteminin tətbiqi.

Yaşıl tikinti texnologiyaları üzrə: Yüksək izolyasiya materiallarından istifadə, damlarda bitki örtüyünün salınması, günəş işıqlarından passiv istifadə (işıqlandırma və istilik), dayanıqlı tikinti materiallarından istifadə, su rezervlərindən effektiv istifadə (suyun binada yenidən istifadəsi).

Effektiv enerji texnologiyaları üzrə: LED işıqlardan istifadə, elektrik enerjisindən ağıllı şəbəkələr vasitəsilə istifadə (smart grid), enerjiyə qənaət edən avadanlıqlardan istifadə.

Tullantıların idarə edilməsi və təkrar emal üzrə: Tullantılar üzrə təkrar emal sistemlərinin yaradılması, kompost gübrələrdən istifadə, tullantıların enerjiyə çevrilməsi, plastik qablaşdırıcıları təkrar emal oluna bilən materiallarla əvəzləmə.

 

Müəllim: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər