9 C
Baku
Thursday, December 12, 2024

“Nəhəng güclər bizi nə qədər az xatırlasa, bu, bizim üçün bir o qədər də yaxşıdır”

“Bilirik, bizim bəzi ölkələrlə təmaslarımız bəzi böyük güclərin xoşuna gəlmir. Lakin bu, bizim problemimiz deyil. Biz Azərbaycanın, ölkəmizin marağında olanları, onun necə gücləndirilməsi ilə bağlı olanları, xalqımızın marağına uyğun olanları və bu vəziyyətdə daha çox təhlükəsizliyin necə təmin olunması ilə bağlı olanları edirik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, müharibədə göstərilənlər Azərbaycanın hərbi bacarığı da daxil olmaqla beynəlxalq ekspertlərə məlum idi:

“Çünki biz olanlarımızı paradlarda bir neçə dəfə nümayiş etdirmişdik. Ola bilsin, biz özümüzdə olan hər bir şeyi nümayiş etdirmirdik, lakin hesab edirəm, müharibə onu göstərdi ki, nəyisə sürpriz kimi saxlamaq doğru addım idi. Biz açıq şəkildə qüdrətli ordu qururuq. Dövlət büdcəmizin ən böyük hissəsi hərbi quruculuğa sərf edilib. Mən Ermənistanın bunu sülh yolu ilə etmədiyi təqdirdə, ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyimizi gizlətmirdim. Beləliklə, müharibə sanki bizim bacarığımızın konsentrasiya olunmuş şəkildə həyata keçirilməsi idi. Biz heç vaxt özümüzü həddindən artıq qiymətləndirməmişik. Biz heç vaxt Azərbaycanın aparıcı ölkələrin gündəliyində bir nömrəli və ya onuncu məsələ olduğunu düşünməmişdik, xeyr onların başqa məsələləri var. Biz bunu normal qəbul edirik”.

“Çünki nəhəng güclər bizi nə qədər az xatırlasa və ya haqqımızda az düşünsə, bu, bizim üçün bir o qədər də yaxşıdır. İndi nə baş verəcək və nə baş verir məsələsinə, qonşu ölkələrə gəldikdə münasibətlər çox uğurla inkişaf edir. Müharibə bir daha nümayiş etdirdi ki, – mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm, – bizi qonşularımızın davranışı və ya hərəkətləri, əsasən, qane edir.

Əlbəttə ki, biz müharibənin ilk günündən son gününə qədər çox güclü siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq. Lakin digər üç qonşumuza gəldikdə, bizim əsas hədəfimiz onların bitərəf qalması idi. Bu da bəzi ölkələrdə müəyyən dərəcədə, digər ölkələrdə isə nisbətən yüksək dərəcədə baş verdi. Lakin buna baxmayaraq, mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm. Müharibədən sonrakı vəziyyət onu da nümayiş etdirir ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar”-deyə, Dövlət başçısı bildirib.

Son xəbərlər
Digər xəbərlər