12 C
Baku
Friday, November 1, 2024

Nəqliyyatda kart-ödəniş sisteminin tətbiqi ilin sonunadək yekunlaşacaq

Paytaxtın ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqinin ləng getməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Hazırda 1000-dən çox avtobusda validator quraşdırılıb və proses davam edir.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, prosesin ləng getməsinin səbəblərindən biri validatorların gətirilməsi ilə bağlıdır. Validatorlar Türkiyədən alınır və onların avtobuslara quraşdırılması vaxt tələb edir. “Digər tərəfdən istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır. Avtobusların yenilənməsi ilə sahibkarlar məşğul olduğu üçün bu da müəyyən problemlər yaradır. Bununla belə, kart-ödəniş sisteminin tam tətbiqini bu ilin sonunadək yekunlaşdıracağıq”, – deyə N.Həsənov qeyd edib.

Ləngimənin digər bir səbəbi sərnişinlərin özləri ilə bağlıdır. Belə ki, satışa milyondan artıq kart çıxarılsa da, indiyədək təxminən 200 mini alınıb. Hazırda sərnişinlərin kart-ödəniş sisteminə marağını artırmaq üçün təbliğat işləri davam etdirilir.

Avtobus sürücülərinin kart-ödəniş sisteminin tətbiqinə biganə yanaşdıqlarını deyən N.Həsənov qeyd edib ki, bəzi sürücülər kartı olan sərnişindən gediş haqqını nağd ödəməsini tələb edirlər. Heç bir sürücünün buna haqqı yoxdur. Bu barədə Nəqliyyat Nazirliyinə də məlumatlar daxil olur. Sahibkarlara bununla bağlı müvafiq xəbərdarlıq edilib. Sərnişinlərə isə tövsiyə olunur ki, belə hallarla rastlaşdıqda Nəqliyyat Nazirliyinin 431-74-37, 561-76-28 (29), Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “141” nömrəli telefonlarına, eyni zamanda, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə, “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə müraciət etsinlər.

Nazirliyin mətbuat katibi əlavə edib ki, bu sistem yeni olduğundan ortaya müəyyən problemlərin çıxması təbiidir və buna dözümlü yanaşmaq lazımdır. 

AzərTac

Son xəbərlər
Digər xəbərlər