9 C
Baku
Thursday, December 12, 2024

Nəyə görə Azərbaycanda İslam bankçılığı inkişaf etmir?

Bir neçə il əvvəl Azərbaycanda banklardan biri pilot layihə kimi İslam bankçılığının prinsiplərini həyata keçirməyə cəhd etdi. Lakin təcrübənin göstərdiyi kimi İslam bankçılığının bütün prinsiplərini  Azərbaycanda tətbiq etmək mümkün olmadı. İqtisadi və sosial  inkişaf mərkəzinin sədri Vüqar Bayramovun fikrinə görə, əslində Azərbaycanın bank sektoru faiz dərəcəsi siyasətindən çəkinir. Başqa sözlə desək, ölkəmizin bank sektoru əhalidən yatırımların qəbul edilməsi və onların faizlərlə kredit kimi verilməsi prinsipləri üzərində qurulub. Azərbaycan bank sektorunda kredit yatırımlarının 15 milyard manatı keçdiyi bir vaxtda, aktivlərin həcmi 20 milyard manatı keçdiyini nəzərə alsaq, bu zaman kredit yatırımları 75% bank aktivinə çatır.

Ekspertin bildirdiyinə görə, ümumi vəziyyətin göstərdiyi kimi də, Azərbaycanda qısa bir zamanda İslam bankçılığı prinsiplərinin təyin edilməsi və inkişafı mümkün bir məsələ deyildi. Bununla yanaşı, qanunvericiliklə də paralel maneələr var. Problem ondadır ki, Azərbaycan qanunvericiliyi İslam bankçılığının inkişafına təkan vermir. Ümumilikdə isə, banklara qeyri-bank fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Bununla belə, banklar investisiya fəaliyyəti ilə də məşğul ola bilməz. Ekspert həmçinin, Azərbaycanda kooperativ idarəetmənin zəif inkişafını da qeyd edir.

Vüqar Bayramov bildirir: İslam bankçılığının inkişafı üçün kadr çatışmazlığını da qeyd etmək lazımdır. İslam bankçılığı tək faizsiz kreditlərin cəlb edilməsi və verilməsinə əsaslanmır. İslam Bankçılığı kompleks yanaşma tələb edir. Məsələn, investisiya potensialını qiymətləndirmək üçün yüksək ixtisaslı kadrlar tələb edilir. Ümumi vəziyyət onu sübut edir ki, İslam bankçılığının inkişafı üçün ciddi maneələr var. Bununla yanaşı, onun prinsiplərinin inkişaf etməsi üçün müəyyən zaman lazımdır.

Qeyd edək ki, hələ 2009-cu ilin dekabr ayında Vatikan qərb dövlətlərini İslam bankçılığını qəbul etməyə çağırırdı.  Vatikan öz hesabatında belə bildirir ki, qlobal maliyyə böhranı qərb dövlətlərində sözügedən bu bankçılığın istifadə edilməsini gündəmə gətirir.

Maliyyə analitiklərinin fikirlərinə görə, dünyada İslam maliyyə sənayesinin ümumi həcmi 2014-cü ilin sonunda 2,1 trilyona çatacaq. İslam maliyyə bazarının həcmi son 12 ildə demək olar ki, 11 dəfə artmışdır. Hər il İslam maliyyə institutlarının aktivləri 20% artır. 2015-ci ildə isə İslam maliyyə sisteminin aktivləri 3 trilyon dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər