Brilyant – olduqca xüsusi qiymətli daşdır. Bu günə qədər heç kim onun qiymətli daşlar sırasındakı liderliyini sual altına qoymayıb. Göz qamaşdırıcı, şəffaf, müxtəlif rəngli qığılcımlara sahib bu qiymətli daş hələ qədim zamanlardan kralların daşı hesab edilirdi.
Onunla bağlı çoxlu sayda inanclar, deyimlər və əlamətlər var. Bəs o bu şərəfə necə nail olub?
Cilalanmış almazı brilyant adlandırırlar. Zərgərlər bu təbiət mineralının təbii parıltısını ortaya çıxarmaq üçün ona xüsusi forma verir. Almazların lap qədim zamanlardan insanlara tanış olmasına baxmayaraq, insanlar onu cilalamağı dərhal öyrənməmişlər. Bu almazın özünəməxsus xüsusiyyəti – çox sərt olması ilə bağlıdır. Almazın adı isə qədim yunan sözü olan “adamas” – “sarsılmaz” sözündən əmələ gəlib. İnsanlar uzun əsrlər boyu bu qiymətli daşı özünəməxsus xüsusiyyətinə görə yalnız bir tərəfini cilalaya bilirdilər. Nəhayət 15-ci əsrdə burgundiyalı bir zərgər almazı tam cilalayaraq onun əsl parıltısını nümayiş etdirə bilir. Bu gün cilalamağın bir neçə növləri və onların da öz pərəstişkarları var.
Mükəmməl olan cəhət parıltının heç zaman sönməməsidir. Onlar köhnəlmir və cızılmır. Məhz bu xüsusiyyətlərinə görə brilyantla bəzədilmiş zinət əşyaları çox bahalı hədiyyə hesab olunur. Belə ki, brilyantlı qaşlı nişan üzüyü sədaqət və vəfaya nişanədir.