“Belə görünür ki, dünyanın ən güclü valyutası öz mövqeyini əminliklə möhkəmləndirir. Donald Trumpın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra 3 həftə ərzində dollar beynəlxalq valyuta bazarında qəfil olaraq öz yerini bərkitdi. İndi bu valyutanın göstəriciləri 2011-ci ilin göstəricilərini 40% üstələyir. Xüsusən də dolların öz mövqeyini bərkitməsi digər ölkələrin valyuta bazarlarındakı vəziyyəti fonunda daha yaxşı hiss olunur. Belə ki, yuan 2008-ci ildən bu yana dollar ilə münasibətdə ən aşağı səviyyəyə enib. Çinli məmurlar bu enməni dayandırmağa imkan verən mexanizm üzərində fəal olaraq işləyirlər. Bu həmçinin Hindistan və digər bir sıra Asiya ölkələrinə də aiddir” – deyə The Economist nəşri yazır.
Dollar uzun illər ərzində mütəmadi olaraq güc toplayırdı. Lakin hazırda müşahidə etdiyimiz qəfil sıçrayış Amerikanın iqtisadi və siyasi strategiyası ola bilər. Bir çox investorlar Donald Trumpın vergiləri azaldacağına və infrastrukturun yaxşılaşdırılması üçün daha çox dövlət vəsaiti xərcləyəcəyinə yatırım edib. Maliyyə stimulunun artırılması öz növbəsində faiz dərəcələrinin artmasına gətirib çıxaracaq. 10 illik ABŞ istiqrazlarının gəlirliliyi cəmi 1 seçki gecəsində 1,7%-dən 2,3%-ə yüksəldi ki, bu özü artıq kapital axını üçün cəlbedici amildir.
Dünyanın nəhəng iqtisadiyyatının artımı müsbət perspektiv təsiri bağışlayır, bununla belə, ekspertlər artıq hazırki vəziyyəti Ronald Reyqanın prezidentlik müddətinin ilkin dövrü ilə müqayisə etməyə başlayıb. Bu dövrdə dollar əhəmiyyətli dərəcədə artım yaşamışdı. Bu fakt digər ölkələrin iqtisadiyyatında problemlər yaratmışdı. Bu gün vəziyyət daha pis şəkildə inkişaf edə bilər, çünki dünya maliyyə və kredit bazarları artıq fəal şəkildə ABŞ milli valyutasının artımına öz reaksiyalarını bildirib. Dolların möhkəmlənməsi ABŞ-ın öz iqtisadiyyatına da təhlükə yaradır.
Belə ki, Amerikanın dünyada əsas ticarət ölkəsi kimi tutduğu mövqe pisləşir, yəni ABŞ-ın nəhəng ixrac bazarı olduğu ölkələrin sayı azalır. 1994-cü ildə bu göstərici 44 ölkəni əhatə edirdi. 20 ildən sonra isə belə ölkələrin sayı 32 oldu. Bununla yanaşı, dolların dünya bazarında “ağalığı” daimi olaraq qalır.
Dünyanın əsas valyutasının möhkəmlənməsi Amerika sərhədlərindən kənarda dollarla verilən kreditlərin bahalaşmasına da təkan verir. Məhz buna görə dünyanın dollarla borc öhdəliyi olan bir çox ölkəsində valyuta məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsi müşahidə edilir.