İsveçrə bankları elə İsveçrə saatları qədər etibarlıdır, məlum olduğu kimi bu saatlar bütün dünyada özünün qüsursuz və mükəmməl reputasiyasına görə məşhurdur. Bəs İsveçrə bank sisteminin sirri nədədir?
Etibarlı banklar vətəni
Tarixən belə alınıb ki, İsveçrə dünyada baş verən bir çox hadisələrə neytral mövqe sərgiləyib və yüz illər ərzində öz neytrallığını qoruyub saxlamağı bacarıb. Ona görə də bu ölkə öz iqtisadiyyatını qoruyub saxlaya bilmiş və yüksək səviyyədə inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün İsveçrə planetin ən varlı ölkələrindən biri və əhəmiyyətli maliyyə mərkəzidir. İsveçrənin valyutası –İsveçrə frankı –yüz illər ərzində ən güvənli və stabil valyutalardan biri olmuşdur, məhz ona görə ki, İsveçrə frankı funt sterlinq və ABŞ dolları ilə çiyin-çiyinə Birinci dünya müharibəsindən sonra 1922-ci ildə keçirilən Genuya konfransında əsas devizlərdən biri kimi seçilmişdir.Baxmayaraq ki, bu gün İsveçrə frankının məzənnəsi hardasa avro və dolların kursundan asılıdır, amma o, yenə də onlara münasibətdə müəyyən neytrallığı qoruyub saxlaya bilir. Bu İsveçrənin digər Avropa ölkələri ilə münasibətdə sahib olduğu geopolitoloji və iqtisadi mövqe ilə bağlıdır.
Məlum olduğu kimi, demək olar ki, inflyasiyaya məruz qalmayan stabil valyuta iqtisadiyyatın sabit inkişafını təmin edən əsas amildir. Təbii ki, bu bank sektoruna da sirayət etməyə bilməz.
Banklar nə vaxt yarandı?
İsveçrə bankları dünyanın ən qədimilərdən olsa da, İsveçrə dünyada ilk dəfə bank açılan ölkələrin siyahısına daxil deyil. Avropada rəsmi qeydiyyatdan keçmiş birinci bank Venessiya Bankı olmuşdur. O, 1584-cü ildə Venessiya senatının qərarı ilə şəhər-respublikanın ticarət sistemini maliyyələşdirmək məqsədi ilə yaradılmışdır. 1609-cu ildə Amsterdam bankı açılmış və artıq 17-ci əsrin sonunda, 1694-cü ildə ölkənin ticarət-sənaye dövriyyəsini kreditləşmə ilə təmin etmək məqsədi ilə İngiltərə Bankı təsis edilmişdir.
İlk İsveçrə bankları ya dövlətə məxsus kantonal banklar, yəni müəyyən kantona (İsveçrədə region vahidi), yada özəl banklar olmuşdur və onlar yalnız 19-cu əsrin ortalarında meydana gəlmişlər. Buna qədər isə İsveçrə də bank sistemi əgər var idisə də, onda o rəsmi şəkildə qeydiyyatdan keçməmişdi, baxmayaraq ki, İsveçrədə ki, bank müəssisələrinin tarixi çox qədimə gedib çıxır.
Ən yaşlı kantonal bankın əsası 1845-ci ildə qoyulmuş BanqueCantonaleVaudoise hesab olunur. Bu bank bu gün də İsveçrənin ikinci ən böyük kantonal bankıdır və ölkənin ən prestijli və universal banklarının ilk beşliyinə daxildir. Reytinqdə ondan əvvəl yer alan isə, əsası 1870-ci ildə qoyulmuş digər kantonal bank ZurcherKantonalbank-dır.
UBS – İsveçrənin ən nəhəng banklarından biridir
Kantonal banklar 1872-ci ildə yaradılmış İsveçrə Bank Korporasiyasında birləşdirildi. Bu qurum isə 1998-ci ildə İsveçrənin ən nəhəng bank holdinqi olan UBS tərəfindən udulana qədər həyat sürməkdə davam edirdi. UBS bu gün İsveçrənin ən böyük bankı olub, bütün yer kürəsi boyunca müxtəlif maliyyə xidmətləri təqdim edir. UBS abreviaturasının açıqlaması belədir: «UnionBankofSwitzerland».
Daha bir nəhəng və qədimi İsveçrə bank holdinqi isə CreditSuisseGroup-dur. Onun əsası 1856-cı ildə isveçrəli iş adamı və görkəmli siyasətçi Alfred Eşer tərəfindən ölkə sənayesini və İsveçrənin dəmir yollarının tikintisinin maliyyələşdirilməsinə kömək etmək məqsədi ilə qoyulub. Bu gün Alfred Eşeri İsveçrənin atası adlandırırlar, çünki o, nəinki İsveçrənin ən böyük bankının əsasını qoyub, həm də böyük xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O Sürixdə Politexnikumun, böyük sığorta kompaniyasının açılışının təşəbbüskarı olub, həmçinin də öz vəsaiti hesabına ölkənin Şimal-Şərqi dəmiryolunu saldırıb.
CreditSuisseGroup –bu aktivlərinin həcmi 1,1 trilyon ABŞ dollarına çatan nəhəng investisiya bankıdır. Digər banklardan fərqli olaraq, o kreditlər verilməsi və depozit qəbulu ilə bağlı universal xidmətlər təklif etmir, onun əsas vəzifəsi özəl bankçılıq, investisiya bankçılığı, həmçinin aktivlərin etibarnamə əsasında idarə edilməsi, yəni “trust” əməliyyatları daxildir.
Nəyə görə İsveçrə bankları bankrot ola bilməz?
İsveçrənin nəhəng bankları bizim müasir zamanda başa düşdüyümüz formatda ənənəvi bank xidmətləri təklif etmir: onlar faiz müqabilində depozitlər cəlb edərək, girovlu təmin olunmuş kreditlər vermir –onların funksiyaları kardinal şəkildə fərqlənir. İsveçrə banklarının güvənli olmasını sirri məhz bunda gizlənir.
Adətən universal banklar depozitlər cəlb edir, onlara görə faizlər ödəyir və girovlu kreditlər verir. Bankın bütün pul kütləsi adətən borc götürülmüş maddi vəsaitlər hesabına formalaşır, ona görə də verilmiş kreditlərin geri qaytarılmaması istənilən bir bankın maliyyə dayanıqlığını çox güclü şəkildə yerindən oynada bilər, bu zaman bank bazardakı likvidliyini itirir, bu isə o deməkdir ki, o öz öhdəliklərini yerinə yetirmək qabiliyyətindən məhrum olur, yəni bankrot elan edilir. Beləliklə, adətən banklar kreditlərə görə aldığı faizlər ilə depozitlərə görə ödədikləri faiz arasındakı fərq hesabına qazanırlar və bu onların gəlirini formalaşdırır.
Bəs İsveçrə banklarının gəlirləri necə formalaşır?
Bir qayda olaraq, İsveçrə bankları depozit siyasəti tətbiq etmirlər. Düzdür, onlar böyük vəsait cəlb edirlər, amma onlar bu əmanətlərə görə “yaxşı” faiz ödəməyi vəd etmirlər. Bunun əvəzinə onlar etibarlı idarəetmə (“trust” əməliyyatlarından) istifadə edilər, onlardan gələn bütün gəlir bütün bilavasitə hesabın yiyəsinə çatır (bu risksiz proyektlərə edilən yatırımlar və ya qiymətli kağızlara edilən qoyuluşlar ola bilər), öz xidmətinə görə isə bank pul dövriyyəsində çox da böyük olmayan komisyon haqq tutur, bu ümumi məbləğin 0,5%-0,7%-i ola bilər. Bir tərəfdən bu faiz elə də böyük görünmür, amma digər tərəfdən İsveçrə bank sistemində 2 trilyon ABŞ dollarının dövriyyədə olduğunu nəzərə alsaq, onda kifayət qədər sanballı bir məbləğ alınır.
Nəyə görə İsveçrə banklarına pul qoymaq sərf edir?
• Əmanətlərin güvənliyi
Dərhal onu demək lazımdır ki, İsveçrə bankı yüksək etibarlığı ilə seçilsə də, sizə yüksək gəlirlik vəd etmir. Əgər siz pulunuzu depozit qoyub, kapitallaşmadan gəlir əldə etmək istəyirsinizsə, bundan ötrü yüksək faizlər təklif edən başqa bir ölkənin banklarını axtarın, bu niyyətlə İsveçrəyə getməyə gərək yoxdur. Düzdür bunu doğma ölkənizdə etməli olsanız, həm də faizlərdən əldə etdiyini gəlirə görə vergi verməli olacaqsınız, amma bu təmiz başqa məsələdir.
Beləliklə İsveçrə bankına pul qoymaq o, zaman sərf edər ki, qoymaq istədiyiniz məbləğ sözün əsl mənasında həqiqətən də çox böyük olsun və siz heç bir fövqəladə hadisə və gözlənilməzlik nəticəsində bu pulu itirmək istəmirsiniz və itirməli deyilsiniz.
Əvvəl də qeyd etdiyimiz kimi, İsveçrə bank sisteminin güvənli olması ölkənin stabil siyasi, iqtisadi mövqeyi və bankın fəaliyyət prinsipi ilə təmin olunur. Digər tərəfdən isə istənilən bir ölkədə maliyyə sisteminin stabilliyinin əsas requlyatoru rolunu ölkənin mərkəzi bankı həyat keçirir. İsveçrədə bu planda heç də istisna deyil. İsveçrə Milli Bankının əsası 1907-ci ildə qoyulub və onun pul banknotlar emissiya etmək ilə yanaşı digər əsas vəzifəsi ölkədəki bank sisteminin çökməsi ehtimalı olduqda “son instansiya kreditoru” rolunu oynamaqdır, yəni bu o deməkdir ki, hər hansı bir səbəbdən ayaq üstə qalmaq üçün likvidlik ehtiyac yarandığı halda Mili Bank digər bankları maliyyələşdirə və onlara kredit verə bilər.
•Vergilərin yoxluğu
İsveçrənin Bank Sistemi vergi qanunvericiliyindən asılı deyil, bu isə o deməkdir ki, əmanətlərdən faiz şəklində əldə edilmiş gəlirlər və ya “trust” əməliyyatlarından əldə olunan gəlirlər vergiyə məruz qalmır. Beləliklə ofşor ərazidə hesaba malik olmaqla, əmanətçi əldə edilən gəlirin bəyannaməsini təqdim etmədikdə və ya gəlir vergi ödəmədikdə öz kapitalını itirməklə risk eləmir. Digər ölkələrdə isə bank əməliyyatları ilə bağlı gəlir vergisi 10-50% arasında dəyişir. Ona görə də buradakı fayda göz qabağındadır.
• Bank sirri
Isveçrə bankları öz müştərilərinin sirlərini çox etibarlı şəkildə qoruyurlar. «İsveçrə bankında hesab» – elə həmin hesabın məxfi qalması anlamına gəlir və əmanətçilərə qarşı belə loyallıq və sədaqətin təmin edilməsi baxımından İsveçrə bank sistemi ilk növbədə özünün ilk özəl bankirlərinə minnətdar olmalıdır. Belə hesab olunur ki, «bank sirri» anlayışı İsveçrədə 1934-cü ildə «bank fəaliyyəti haqqında» qəbul olunan qanundan sonra yaranmışdır. Amma əslində bu heç də doğru deyil. Məşhur bank sirri ilə bağlı ilk xatırlamalara 18-ci ərsin əvvəllərində -1713-cü ildə rast gəlmək mümkündür. İsveçrə bankirləri bütün dünyada qüsursuz reputasiyası ilə məşhur idi, hətta onlardan biri 16-cı Lüdoviqin sağlığında Fransa maliyyə idarəsinin birinci şəxsi seçilmişdir, onun adı Jak Neker idi.
Bank sirri- heç bir haldan və şəraitdən asılı olmayaraq, əmanət, əmanətin sahibi və əmanətin miqdarı barədə informasiyanı açıqlamamağa dair bankirin öz üzərinə götürdüyü öhdəlikdir.
Amma əvvəllər bank sirri İsveçrənin istənilən bir maliyyə təşkilatının yazılmamış qanunu və elan edilməmiş bir qaydası idi. Buna görə də çox gərgin bir vəziyyət yarandıqda bu yazılmamış qanunu əsl qanunvericilik ilə möhkəmləndirmək vaxtı yetişdi. Bu isə 1934-cu ildə hakimiyyətə nasistlər gəldikdən sonra baş verdi.
Hitlerçilər İsveçrə bankirlərindən “üçüncü reyx naminə” əmanətçilər və əmanətlərin məbləği barədə informasiyanı onlara verməyi tələb etdi. Ola bilsin ki, kimsə bank sirrini pozmuşdu, çünki üç alman vətəndaşı öz pul vəsaitlərini İsveçrədə saxladıqları üçün edam edilmişdi. Qanunsuzluğu aradan qaldırmaq və gələcək siyasi narazılıqlardan uzaq olmaq üçün İsveçrə parlamentariləri «Bank haqqında Qanuna» səs verdilər. Qanuna əsasən İsveçrə bank sistemində konfidensiallıq (məxfilik) prinsipi təsis edilir və onun pozulması ömürlük həbs cəzasına səbəb ola bilər. Bu gün bank sirrinin pozulması yalnız o halda mümkündür ki, İsveçrənin özündə “cinayət əməli hesab olunan” cinayət işinin axtarışı ilə bağlı istintaq işləri həyata keçirilsin. Digər ölkələrdən fərli olaraq İsveçrədə vergidən yayınmaq, sadəcə çox da böyük olmayan inzibati xəta hesab olunur və özündə yalnız cərimə ödənilməsini əhatə edir. Bank sirri digər ölkə tərəfindən bir başa bankın özündən istənilə bilməz, bundan ötrü parlamentin ratifikasiyasına ehtiyac var.
2008-ci ildə ABŞ hökuməti 4450 amerikalının bank əmanətləri barədə hesablarının açılması xahişi ilə İsveçrə tərəfinə müraciət etdi, həmin şəxslər vergidən yayınmaqda şübhəli bilinirdi. Uzunsürən təhqiqat-istintaq işlərindən sonra İsveçrə parlamenti banklara öz əcnəbi müştəriləri ilə bağlı bank sirrini açmağı qadağan etdi.
• Nömrələmə
Biz öyrəşmişik ki, bankdakı hesab adətən kiminsə adına açılır, istər bu fiziki şəxs olsun, istər hüquqi şəxsin adı. İsveçrədə məhz bank hesablarında adlar yoxdur, bunun əvəzinə hər hesabın ayrıca nömrəsi olur. Əlbəttə bank hesabının nömrəsi öz sahibin adı ilə müəyyən dərəcədə bağlı olur, lakin bu əlaqə yalnız bir neçə adama bəlli olur, hətta bank işçilərinin də ondan xəbəri olmur. Bu məlumatları bilənlər idarəetmə rəhbərləri, rəhbərliyin üzvləri olur, yalnız onların adlar bazasına girişi olur.
Beləliklə, nəhəng korporasiyalar və kompaniyalar heç bir informasiya sızması riski olmadan iri əməliyyatları, birləşmə və udulma sövdələrini həyata keçirmək üçün öz vəsaitlərini İsveçrə banklarındakı hesablarına yığa bilərlər və tam əmin ola bilərlər ki, heç bir rəqib və ya onlara düşmən mövqedə olan insanlar bundan xəbər tutmayacaq.
• İnformasiyanın mühafizəsi
Müasir internet-texnologiyalarının dövründə keçmiş-xoş zamanlarda istifadə olunan köhnə çek kitabçaları artıq ikinci plana keçir, onlar öz yerlərini internet-bankçılıq proqramlarına, rəqəmsal imzalara və elektron köçürmələrə təhvil verməli olur. Düzdür elektron pullar qədimi İsveçrə banklarının “yeddi möhürlü” qapıları arxasında yerləşmir, amma qorunma baxımından heç də kağız pullardan geri qalmır. –informasiyanın kodlaşdırılmasının meqabit texnologiyaları öz işini yaxşı görür.
İsveçrə bankında necə hesab açmaq olar?
Ən əsası buna həqiqətən də ehtiyacın olub-olmasını müəyyən etməkdir. İsveçrə banklarının faiz dərəcələri adətən elə də böyük deyil, amma minimal tələblər əksinə olduqca yüksəkdir. İsveçrənin ən iri və ən etibarlı bankları isə CreditSuisseGroup və UBS hesab olunur. Hər iki bankda hesab açmağın dəyəri təqribən 1000 avroya başa gəlir. Bundan əlavə hər iki bankda azaldıla bilməyən minimal qalıq məbləği ilə bağlı tələblər mövcuddur: CreditSuisse bankında bu rəqəm 500 min dollar, yaxın iki il ərzində mütləq artım perspektivi 1 milyon dollar, UBS bankda isə 300 min dollardır.Əmanət hesabları ilə bağlı faiz dərəcələri adətən illik 3%-i üstələmir (orta hesabla isə 0,5%-dən 3,2%-ə qədər)
İsveçrə bankında hesab açmaq üçün İsveçrəyə getmək heç də mütləq deyil – bank sənədlərinə imza ataraq, onları elə yaşadığınız ölkədə təhvil verə bilərsiniz, bu zaman müqavilənin imzalanmasından bir həftə sonra hesab artıq açıq olacaq. Hesabı, həm telefon, həm faks, həm də internet vasitəsi ilə idarə etmək mümkündür.