5-7 il əvvəl bank kreditləşməsi əksər hallarda hüquqi şəxslər üçün həyata keçirildiyi bir halda, son illərdə vəziyyət köklü şəkildə dəyişmişdir. Belə ki, hazırda banklar istehlak kreditləri proqramları çərçivəsində əhalini kütləvi şəkildə kreditləşdirməyə başlayıb. Ən çox populyarlıq qazanan isə borcalanın istənilən məqsəd üçün istifadə edə biləcəyi nağd kreditlərdir.
Nağd kreditlərlə bağlı əhali arasında bir çox yalan, əsası olmayan iddialar mövcuddur. Bəs onlardan ən populyar olanları hansılardır?
Nağd kredit əldə etmək elə də çətin deyil:
Məlumdur ki, banklar “girovsuz”, “zaminsiz” istehlak kreditləri təklif edirlər. Lakin bu yeni müştərilər cəlb etmək üçün yalnızca reklam fəndidir. Məsələ ondadır ki, bu proqram əsasında kredit əldə etmək nəzəri baxımından çətin deyil. Lazım olan yalnızca şəxsiyyəti təsdiq edən lazımi bir neçə sənədi təqdim etməkdir. Əslində isə bank borcalanın borcunu ödəyə biləcəyinə əmin olmasa ona kredit verməkdən imtina edəcək. Bu səbəbdən də hətta ən özünə güvənən müştəriyə belə nağd kredit verməkdə imtina edə bilərlər.
Bank müflis olarsa krediti geri qaytarmaq lazım gəlməyəcək:
Bu heç də elə deyil! Bank öz fəaliyyətini tamamilə dayandırsa belə, onun davamçısı yaradılır ki, borcalanlar borclarını oraya ödəyir. Bundan əlavə, hər hansı bir bank və yaxud kredit təşkilatı bağlanarsa həmin təşkilat ödənilməmiş kreditləri kollektor agentliyinə sata bilər. Bu səbəbdən də istənilən halda götürülən kreditlər geri qaytarılmalıdır.
Borcalan borcunu ödəyə bilmədikdə bank onu dərhal məhkəməyə verəcək və yaxud borcu kollektor agentliyinə köçürəcək:
İstənilən kredit təşkilatının əsas məqsədi uzun müddətli perspektivdə gəlir əldə etməkdir. Bu səbəbdən də, müştərinin borcunu ödəməklə bağlı problemi yaranarsa bank onunla əlaqə saxlayaraq borcun yenidən təşkilini və hətta kredit tətili elan edə bilər. Məhkəmə iddiaları və borcun kollektora satılması yalnızca “qəddar” pulunu ödəməyən borcalanlar üçün həyata keçirilən tədbirlərdir.