“Dövlətin müəyyən etdiyi strateji hədəflərdən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Son illərdə sahibkar fiziki və hüquqi şəxslər arasında hesablaşmalarda nağdsız əməliyyatların xüsusi çəkisi xeyli artıb. Buna qanunvericilikdə birbaşa və dolayı tələblərin qoyulması ilə nail olunsa da, hökumət bu sahədə əlavə stimullaşdırıcı addımlar atmaqla daha yüksək nəticənin əldə olunmasına çalışır.”
Banker.az xəbər verir ki, bunu Vergilər Qəzetinə ekspert Rəşad Əliyev bildirir.
R. Əliyev bildirir ki, bu addımların həm nağdsız qaydada ödənişi həyata keçirənlərə, həm də ödənişi qəbul edənlərə nisbətdə tətbiq edilməsi nəzərdə tutulurdu: “Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə bu cür stimullaşdırıcı addımları görürük. Stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Məlum məsələdir ki, sadə vətəndaşlar nağdsız ödənişlərin bir hissəsini POS-terminallar vasitəsilə həyata keçirirlər. Bu cür ödənişlərin az olmasının əsas səbələrindən biri kimi bir çox ticarət və iaşə obyektlərinin plastik kartlarla ödəniş qəbul etməmələridir. Verilmiş güzəştlər POS-terminal vasitəsilə ödənişi qəbul edənlərə aid edilir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, nağdsız ödəmələrin ən çox «axsadığı» sahədə – pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları POS-terminallar tətbiq etməyə stimullaşdırmaqdır”.
Qeyd olunub ki, dəyişikliyin nəticəsi kimi pərakəndə ticarət və ictimai iaşə sahələrində POS-terminalların tətbiqinin, nağdsız ödəmələrin həcm və dövriyyəsinin artması gözlənilir ki, bu da büdcə daxilolmalarının artımında əksini tapacaq və işgüzar dairələr tərəfindən dəstəklənəcək: “Lakin POS-terminallara görə banklara ödənilən komissiya haqları ilə bağlı sahibkarların rastlaşdıqları bir sıra texniki və maliyyə məsələlərinin həlli tələb olunur. Bu, dəyişiklikdən sonra gözlənilən səmərənin artırılması, nağdsız hesablaşmaların stimullaşdırılması və genişləndirilməsi, sahibkarlıq subyektlərinin dövriyyəsinin leqallaşdırılması, uçot sistemində şəffaflığın təmin olunması üçün vacibdir”.