13 C
Baku
Sunday, November 24, 2024

Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir

Mənbə: “AtaBank” ASC tərəfindən elan edilmiş  “Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir” müsabiqəsi üçün verilir

Nağdsız ödənişlər anlayışı bu gün təkcə Azərbaycanda deyil, bütün Post sovet məkanında aktualdır. Əgər internetə girib balaca bir araşdırma aparsaq, Rusiya, Ukrayna, Belorusiya saytlarında məsələnin ciddi şəkildə gündəmdə olduğunu görərik. Əsasən “nağd puldan İmtina”, “elektron pulların üstünlüyü” və s kimi başlıqlı məqalələrə rast gəlmək olur. 

Nağdsız hesablaşmalar– pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir, bank hesabında köçürmə yolu ilə həyata keçirilən maliyyə hesablaşmalarıdır, bu halda pul vəsaiti tədavülçünün hesabından alıcının hesabına köçürülür. Nağdsız hesablaşmalar təsərrüfat daxilində müəyyən sistemlər əsasında təşkil olunur, burada nağdsız hesablaşmaların təşkilinin bütövlüyü prinsipi, təşkilatlara təqdim edilən tələblər, təsərrüfatın müəyyən konkret şəraiti, eləcədə hesablaşmaların forma və üsulları və bu üsulların sənəd dövriyyəsi ilə sıx bağlılığı nəzərdən keçirilir.

Nağdsız ödəniş –nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir: qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsi ilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi aşağıdakılar aşağıdakı subyektlər arasında hesablaşma aparmağa icazə verir

•    Kredit təsisatlarında hesabları olan müxtəlif sahibkarlıq formasına malik müəssisələr, institutlar, təşkilatlar;
•    Hüququ şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı;
•    Hüquqi şəxslər və əhali əməkhaqqıları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə
•    Fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə;

Nağdsız ödənişlərin həcmi ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən asılıdır.

Nağdsız ödənişlərin payının artırılması bizə «kölgə iqtisadiyyatının» bir hissəsindən qurtulmaq imkanı verəcək. Digər ölkələrin də təcrübəsi bunu göstərir. Belə ölkələrdə, xüsusən də Yaponiyada nağd ödənişlərin həcmi cəmi 5% təşkil edir. Amma bu heç də minimum deyil. Məsələn Isveç banknotlardan istifadə edən ilk ölkə kimi tarixə düşmüşdür, bu hadisə 1661-ci ildə baş verib və belə görünür ki, bu gedişlə nağd puldan tamamı ilə imtina edən ilk ölkə də məhz elə İsveç olacaq. Hal-hazırda nağd pul ölkədəki maliyyə dövriyyəsinin cəmi 3% -ni təşkil edir (Avrozona isə bu göstərici orta hesabla 9%-dir).

Kağız pulların (kupyuraların) sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır (təbii ki, kiber cinayətkarlıq istisna olmaqla). 2008-ci ildə İsveçdə 110 dəfə bank yarmağa cəhd olunub. 2011-ci ildə isə bu rəqəm cəmi 16-ya düşmüşdür. Küçə soyğunçuluğunun sayı da azalmışdır. Həmçinin pul kütləsinin azalması ənənəvi olaraq nağd ödənişlərə üstünlüyün verildiyi kölgə iqtisadiyyatına da ciddi zərbə endirmişdir.

Dünyada ilk bankomatın istifadəyə verilməsi isə 1969-ci ildə Londona təsadüf edir. Azərbaycanda isə bankomatlar çox sonralar peyda olmuşdur. Bu gün onların sayı böyük sürətlə artır.

2012-ci il mayın 1-nə Azərbaycanda bankomatlar və POS-terminallar vasitəsilə 26 milyon manat nağdsız ödəniş həyata keçirilib. Bunun yarısı bankomatlar, yarısı da POS-terminallarla gerçəkləşib. Bankomatlarda ödənişlərin həcmi sabit qalsa da, POS-terminallarda bu göstərici 14 milyon manatdan 13 milyon manata düşüb. Əməliyyatların sayında isə əksinə, artım qeydə alınıb və 299 mindən 321 min ədədə çatıb.

Bankomatlar və Pos-terminallar (dövrün sonuna)

Tarix Bankomatlar Posterminallar
2006 1080 2070
2007 1317 5309
2008 1515 8124
2009 1694 8657
2010 1892 7872
2011 2132 13220
2012(ilk üç ay) 2168 20994

Lakin bankomatların əsas təyinatının pulun nağdlaşdırılması olduğunu nəzərə alsaq bu tendensiyanı  bir mənalı qiymətləndirmək olmaz. Əgər biz nağdsız ödənişlərə doğru gediriksə, bizə heç də hər tində bir-neçə bankomat lazım olmalı deyil. Azərbaycan istifadəçisi kartlardakı pulu nağdlaşdırmaya deyil, ondan ödəniş vasitəsi kimi istifadəyə can atmalıdır. Bunun üçün maarifləndirmə ilə yanaşı, onun kartla ödəniş edə biləcəyi məntəqələrin sayını artırmaq, satış nöqtələrini pos-terminallar ilə təchiz etmək lazımdır. Məsələn Azərbaycanda tələbələrin, pensiyaçıların əksəriyyəti öz təqaüdləri, dövlət və özəl sektorda çalışanlar isə öz əməkhaqqılarını kart vasitəsi ilə alır. Bankomatların sayının yetərincə olmasına baxmayaraq, ayın müəyyən günlərində onların qarşısında ucu-bucağı görünməyən növbələr yaranır, qalan vaxtlar isə bankomatlar “kimsəsiz” görünür.

Deməli insanları kartlardan istifadə etməyə həvəsləndirmək, bunun məhz onların özü üçün nə qədər faydalı olacağını izah etməyə ehtiyac var. “Əgər pul mənim cibimdə deyilsə, demək hələ ki, mənim deyil” psixologiyasından qurtulmaq lazımdır. “Pul kartda olsa da mənimdir, kartda pul daha təhlükəsizdir, kimsə onu mənim cibimdən və ya evimdən oğurlamağa çalışmayacaq, mən kartımı itirsəm, sadəcə bank ilə əlaqə saxlamaq mənə kifayət edəcək ki, kartımı bloklaşdırım, kartı itirmək, heç də pulu itirmək deyil. Kartla ödənişlər mənə əlavə bonuslar qazandıracaq, mən pulun qalığının mənə düzgün qaytarılıb-qaytarılmamasına görə narahat olmayacağam”- bütün bu fikirlər Azərbaycan istifadəçisinin beynində də formalaşmalıdır.

Tarix, il Bank müştərilərin sayı, dövrün sonuna Müştəri   hesablarının sayı dövrün sonuna
2009 1941067 2262771
2010 2588957 3173876
2011 2916678 4077125
2012    
01 2912461 4146445
02 2948463 4236074
03 3002854 4345888

Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 5%-dən çox artaraq 2012-ci il mayın 1-nə 3 milyon 68 min 357 nəfərə çatıb. Mərkəzi Bankın statistik göstəricilərinə əsasən, müştərilərin 2 milyon 981 min 865-i fiziki şəxslər, 86 min 492-si hüquqi şəxslərdir.

Həmçinin müştəri hesablarının sayı da ilin əvvəlindən 4 milyon 77 min 125 ədəddən 4 milyon 478 min 163 ədədə artıb. Bunun 4 milyon 97 min 355 ədədini cari hesablar, 380 min 808 ədədini isə depozit hesabları təşkil edib.

Bazar iştirakçıları iddia edirlər ki, bank gəlirlərinin təqribən yarısı –komisyon gəlirləridir, hər şeydən öncə bu gəlirlər ödəniş kartlar ilə olan xidmətlərdən əldə edilir. Azərbaycanda isə bankların əsas gəlir mənbəyi  hələ kredit faizlərindən asılıdır.  Əgər bankların tranzaksiya xidmətləri artsa, onda onları komisyon haqlardan götürdüyü gəlirlər də artacaq və bu zaman onlar digər məhsullarını da sərfəli şərtlər ilə təqdim edə biləcəklər, məsələn bu zaman kreditləşmə şərtləri nisbətən daha mülayim ola bilər.

 Azərbaycanda ödəniş kartlarının sayı ilin əvvəlindən 4%-dək artaraq 2012-ci il mayın 1-nə 4750 min ədədə çatıb.  Ödəniş kartlarından 2585 min ədədi sosial kartlar, 1360 min ədədi əmək haqqı, 215 min ədədi isə kredit kartlarıdır. Debet və kredit kartlarının sayında ilin əvvəlindən 19%-dək artım müşahidə olunub.

 Debet və kredit kartları ilə aparılan əməliyyatlar

Tarix, il Ödəniş kartlarının ümumi sayı,

min ədəd, dövrün sonuna

Debet və kredit kartları ilə aparılan əməliyyatların
Sayı, min əməliyyat Həcmi, mln əməliyyat
2010 4231 5239 755
2011 4580 5068 771
2012 (ilk üç ay) 4660 5274 784

Buna baxmayaraq, bu müddətdə debet və kredit kartları ilə aparılan əməliyyatların sayında və həcmində azalma qeydə alınıb. Belə ki, əməliyyatların həcmi 771 milyon manatdan 647 milyon manata, sayı isə 5068 min ədəddən 4241 min ədədə düşüb.

Eyni zamanda nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə həyata keçməlidir. Çünki, əgər müştərilər ticarət şəbəkələrində kartlar ilə hesablaşmasa və yenə də bankomatlarda pulu nağdlaşdırmağa davam etsələr, belə təşəbbüslərin dəyəri heçə enəcək.

Bununla yanaşı mütəxəssislər əmindir ki, nağdsız hesablaşmalarən zaman ötdükdə  nağd hesablaşmaları sıxışdıracağı labüddür, çünki bu dünya tendensiyasının tələbidir. Onların sözlərinə əsasən nağdsız hesablaşmaların səviyyəsi ölkə iqtisadiyyatının inkişafını müəyyən edən əsas meyarlardan biridir. Yəni iqtisadi tərəqqi nə qədər yüksək olarsa, dövriyyədə bir o qədər az nağd pul olar.. Nağd pulun azlığı həm korrupsiyaya, həm vergidən yayınmaya, həm də qara bazara vurulan ciddi zərbədir.

Dünyanın bütün inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ödəniş kartları vasitəsi ilə hesablaşmaq daha sərfəlidir, nəinki nağd. Birinci üstünlük, ticarət şəbəkəsində endirim əldə etmək imkanıdır. Ikinci isə bu pullar təhlükəsizlikdədir, onlar bir növ müdafiə olunur.

Bundan əlavə vəsaitlərin kartlardan oğurlanmasının qarşısını almaq, bankların məsuliyyətini gücləndirmək lazımdır. Banklar yeni ödəniş sistemləri texnologiyalarından istifadə etməldir ki, onların təhlükəsizlik səviyyəsi daha yüksək olsun. Gələcəkdə telefonların “elektron ödəniş aləti” kimi istifadəsini nəzərdə tutmaq olar. Bu zaman telefon vasitəsi ilə müxtəlif xidmətlərin və məhsulların haqqını ödəmək olar. Belə proyektlər Avropada və dünyanın digər ölkələrində çoxdan yayılıb, amma Azərbaycanda hələ ki lazımı səviyyədə inkişaf edə bilmir, çünki ölkəmizdə müvafiq sahə ilə qanunvericilikdə heç nə nəzərdə tutulmayıb.Aşağıdakı cədvəldə isə Azərbaycanda kartlar vasitəsi ilə aparılan əməliyyatların artım tempini izləyə bilərsiniz.

Məsələn,Şotlandiyanın “Royal Bank of Scotland” bankı müştərilərə yeni bir xidmət təklif etməyə başlayıb –onlar smartfonlardan istifadə edərək bankomatlardan pul çıxarda bilərlər. Müştərilər 6 rəqəmli kod əldə edir ki, onu yığmaqla pul çıxartmaq imkanları olur. Bu zaman kredit kartın nömrəsi barədə informasiya telefonun yaddaşında saxlanılır və bankomat onu yaxın məsafədən oxuya bilir. Smartfonlar vasitəsi ilə pulların çıxarılması telefonların “elektron pulqabıya çevrilməsi” kimi uzunmüddətli bir proyektin başlanğıcıdır, belə ki, bu telefonların gələcəkdə bütünlüklə bank kartlarını əvəz edəcəyi gözlənilir. Bəs smartfonlara olduqca böyük marağın olduğu Azərbaycanda belə layihələrin reallaşdırılması nə qədər realdır?

Son xəbərlər
Digər xəbərlər