“Məlum olduğu kimi, nağdsız hesablaşmalar haqqında qanun qüvvəyə mindikdən sonra Vergi Məcəlləsində qanunla nağd qaydada aparılması məhdudlaşdırılan əməliyyatlar üzrə maliyyə sanksiyaları nəzərdə tutulmuşdu. Lakin nağdsız hesablaşmalara görə hər hansı stimullar qanunvericilikdə yox idi”.
Banker.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu gün keçirdiyi brifinqdə deyib.
“Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklərə əsasən pərakədə ticarətdə və ictimai iaşədə nağdsız qaydada ödəniş edən şəxslərə ödənişlərindəki ƏDV-nin 15%-ə qədər hissəsi geri qaytarılacaq. Hətta nağd qaydada edilmiş ödənişlərdə də qarşı tərəfin nəzarət kassa aparatının çeki tələb edilərək həmin çek əsasında ödənilmiş məbləğin daxilindəki verginin 10%-i istehlakçıya geri qaytarılacaq”, – deyə o vurğulayıb.
Həmçinin o bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əlavə dəyər vergisinin geri qaytarılması qaydaları müəyyən olunacaq və qanun ölkə başçısı tərəfindən imzalanıb təsdiq olunduqdan sonra, verilmiş tapşırığın icrası ilə bağlı bir neçə ay ərzində normativ-hüquqi aktın qəbulu nəzərdə tutulub.
fed.az