Bütün dünyada çox ciddi proseslərin getdiyini Paşinyan çox gözəl bilir. Lakin, bir tərəfdə onun hakimiyyətə gəlməsinə kömək edən qüvvələr, bir tərəfdə güclü erməni lobbisi, bir tərəfdə arxasını Rusiyaya söykəyən Qarabağ klanı, bir tərəfdə isə erməni xalqı. Bütün bu tərəflərin maraqları, baxışları, məsələnin həlli ilə bağlı fikirləri fərqlidir. Ortaq nöqtə tapmaq çətin olsa da, formalaşmaqda olan ciddi riskləri xalqının diqqətinə çatdıra biləcəyinə və əvvəl-axır razılığa gələcəyinə ümid ölməmişdir. Çünki, itirəcək bir şey yoxdur düşüncəsi və bəzi dövlətlərin də israrlı təhrikləri ilə istər 2020-ci ilin 27 sentyabr öncəsi davranışları, istərsə də sentyabrın 13-dən 14-nə keçən gecə xaincəsinə hücum edərək noyabr ayına qədər müəyyən psixoloji üstünlük əldə etməyə çalışmasına, güclü dəstəklərinin olmasına ümid etməsinə baxmayaraq yenə təlafat verdi, orduda ciddi itkilərlə üzləşdi.
17 sentyabrda (sabah) ABŞ Nümayəndələr Palatasının Spikeri Nancy Pelosinin Ermənistana səfəri gözlənilir. Ermənilərin səthi biliklər, kin, nifrət və ya eyforiya hisslərinin təsiri altında düşünən, vizyon və analitik düşüncədən məhrum olsa da böyük məsələlərə fikir bildirməyə çalışan, düşüncələri məntiq və hesablamalara, formalaşmaqda olan gerçəklərdən daha çox şou xarakterli olub publikaya oynayan “düşüncə sahibləri” deyil, məhz qeyd olunanların əksinə sahib olan sağlam xarakter və gerçəklərə əsaslanan düşüncələrə sahib olan ciddi analitikləri vardır. Bu analitiklər Nancy Pelosinin səfərini eyforiya, şovinizm, kin və nifrət duyğuları ilə deyil, soyuq başla və müxtəlif baxış bucaqlarından baxaraq, müxtəlif simulyasiyaların aparılması yolu ilə analiz edəcəklərinə və bu analizlərin birbaşa Nikol Paşinyana təqdim ediləcəyinə əminəm.
Bu analizlər reallıqları ortaya çıxaracaq. 5 əsas variant (simulyasiya) mövcuddur. (Hər hansı bir analitik daha çox variant da tapa bilər). Bu simulyasiyaları bəlkə də bu 2-3 gün ərzində edirlər. Məsələ bu analizlərdən çıxan nəticələri xalqa çatdırmaqdır. Əvvəlcə səfərin məqsədlərinə, sonra isə qeyd etdiyim bu simulyasiyalardan çıxacaq nəticələrə qısa nəzər yetirək.
Əvvəla, Nancy Pelosinin Ermənistana səfərinin əsas və başlıca məqsədlərindən biri vəziyyətin nəzarətdən çıxmaması, xüsusilə hakimiyyət dəyişikliyinin olmamasını qarantiya altına almaqdır.
İkincisi, Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyü çərçivəsindən kənara çıxmamasına səy göstərməkdir. Bu məsələ birinci məsələ qədər dəqiq məsələ deyil. Paşinyanın hakimiyyətdə qalması ciddi mübahisə və müzakirə predmeti olmasa da, bu 2-ci məsələ hələ sual altındadır.
Üçüncüsü, Paşinyan Minsk qrupunu dirçəltmək cəhdləri göstərir. Mən bu məsələdə Paşinyanın səmimi və istəkli olduğunu düşünmürəm. Bu məsələ daha çox 19-cu əsrin ortalarından sonra dünya siyasətində davamlı olaraq düşüş yaşayan, mövqeləri zəifləyən, xüsusilə son 12 il ərzində öz səhv mövqeyi ilə Avropanı da bu günki böhrana və bundan sonrakı dövrlər üçün də müəyyən qeyri-müəyyənliklərə sürüklənməsində alət olan Fransanın israr və təzyiqlərinin nəticəsində gündəmdə qalmaqdadır. Burada Fransada olan erməni lobbisinin rolu da az deyil. Vaxtilə Avropanın böyük dövlətlərindən biri kimi önəmli statusu olan Fransa ABŞ-ın Avropadakı tətikçisinə çevrilməkdədir. Avropanın (xüsusilə Almaniya və almandilli dövlətlərin) zəiflədilməsi, Avropanın xarici siyasətinin ABŞ-ın xarici siyasətinə maksimum uyğunlaşmasına nail olmaq kimi vəzifələri Fransa daşımağa başlamışdır. Bir daha qeyd edirəm ki, Fransa bu oyunda strateq deyil, tətikçidir.
Dördüncüsü, BMT sülhməramlıları adı altında məhz Fransa qoşunlarının Qafqaza gəlməsi. Bu, Fransanın hələ ümid etdiyi, lakin həyata keçmə ehtimalı çox aşağı olan bir ideyadan başqa bir şey deyil. BMT-nin özünün yeni dünya nizamında mövcud olub olmayacağı, mövcud olacaqsa da, hansı yeni strukturla mövcud olacağı sual altındadır.
Siyahını artırmaq olar. Səfər zamanı Qarabağda ermənilərin toxunulmazlığı, öz müqəddəratını həll etmək, demokratiya, Qafqazda sülh və sair kimi bəyanatlar. Əslində gördüyümüz kimi Nancy Pelosinin səfəri nəticəsində həll edilmə ehtimalı yüksək olan məsələ Paşinyanın hakimyyətdə qalmasıdır. Digər məsələlərin bu səfər nəticəsində həlli ehtimalı çox aşağıdır.
Bu səfərin ən böyük riski nədir? Ermənistanın vaxt uzatmağa çalışaraq sülh müqaviləsini, sazişini imzalamaması. Bu olarsa, yuxarıda qeyd etdiyim 5 simulyasını (hadisələrin mümkün ola biləcək inkişafının 5 əsas senarisi) həyata keçirəcək Ermənistan görəcək ki, 4 simulyasiya Ermənistan üçün zərərdir, uğursuzluqdur, itkidir. Yalnız bir variant uğurludur. 4 simulyasiya ortaq əsas nəticəsi bir əsas riskin, münaqişənin uzunmüddətli xroniki münaqişəyə çevrilməsi riskinin müxtəlif variantlarını əhatə edir. Həmin simulyasiyalara toxunmaq vaxt baxımından mümkün deyildir. Amma bəzi nəticələrinə nəzərə yetirək.
Fərz edək ki, münaqişə uzanaraq xroniki xarakter aldı.
Əvvəla, iqtisadiyyatın, böhranların və müharibələrin tarixlərini bilən, müharibələr nəticəsində böyük güclərin və dövlətlərin həmin müharibələrdən necə varlandıqlarını, müharibə aparan dövlətlərin isə ciddi itkilərə məruz qaldığını erməni analitikləri də çox yaxşı bilirlər, bunları ciddi şəkildə öyrənirlər, güclü iqtisadçıları da mövcuddur. Deməli, xroniki münaqişənin Ermənistan iqtisadiyyatı üçün zərərlərini və bu vəziyyət davam etdikcə ermənilərin rifahlarının hiss olunacaq qədər artmayacağını gözəl bilirlər. Bəli, ölkəmiz üçün də bu vəziyyət xeyirli deyildir. Qeyri-müəyyənlik, müharibə vəziyyəti Ermənistanda olduğu kimi bizdə də iqtisadiyyat üçün həmişə maneə olaraq qalacaqdır. Fərq bundadır ki, bizim üçün maliyyə itkisi, zərər Ermənistan üçün gələcək nəsillərin ödəməli olacağı böyük borclardır. Erməni lobbisi bunların hamısını ödəməyəcək. Burada əsas uduz sahibləri isə digər böyük dövlətlər olacaqdır.
İkincisi, vaxtaşırı baş verəcək toqquşmalarda insan təlafatlarının olması. Ən ağrılı, ən acılı məsələ. Burada canlar gedir, dünyalar yıxılır. Heç bir fikir, söz təskinlik verə bilməz. Yeganə təskinlik isə bizdən 50, qarşı tərəfdən 100 nəfər həlak olub kimi ucuz təskinlikdir. Bir nəfər belə ölürsə, qarşı tərəfdən neçə nəfərin ölməsi vəziyyəti dəyişirmi? Tutaq ki, hər tərəfdən bərabər sayda insan təlafatı oldu. Nəticə nə olacaq? 3 milyon Azərbaycandan həlak olduqda, Ermənistanda əhali qalmayacaq. Yəni, qarşılıqlı ölümlərlə təskinlik tapmaq mənasızdır. Ermənistan bu məsələdə uduşun olmadığını hərtərəfli dərk edəcək.
Üçüncüsü, silahlanma məsələsi. Ermənistan ona 30 il ərzində pulsuz verilən və ya aldığı silahların səmərəsini gördü. Tutaq ki, müasir silahlar aldı. Azərbaycan da alacaq. Daha çox, daha yüksək texnologiyalı. Sonra? Deməli, xalqın ödədiyi vergini silaha verməklə həmin vergi ödəyicilərinin övladlarını növbəti qırğına vermək və mənasız iddiaları davam etdirmək? Ermənistan xəyallarla yaşamağın bədəllərini ödəməkdədir. Ermənistan cəmi 3 il öncə hələ Böyük Ermənistan xülyası ilə yaşayırdı. Azərbaycan bir daha səsini çıxartsa Kür çayının qərb sahilinə qədər gələrik. Tanklarımız Bakıya qədər gedər. Torpaq vermirik, Azərbaycan ala bilirsə alsın. Bəxtimiz gətirib ki, Azərbaycan kimi qorxaq qonşumuz var ritorikaları harada qaldı? Erməni xalqının 10 minlərlə övladı bu xülya və ritorikaların qurbanı oldu. 30 il gözətçilik etdikləri torpaqlar erməni xalqına itki, göz yaşları, iqtisadi gerilik, qazancların silahlara xərclənib (Qafqazın ən güclü ordusu erməni ordusudur xülyası ilə) həmin silahların 44 gün ərzində puç olması ilə nəticələndi. Bundan sonra da ermənilərin hər 1 milyard dollarlıq silahlanma xərcinə Azərbaycan 3-4 milyard dollar xərcləməyə davam etsə necə olacaq? Burada da qalib yoxdur. Hər iki tərəf xərcləyəcək, silahlar yığılacaq, bir müddət sonra isə o silahların işə düşməsi yenidən hər iki xalqın övladlarının həyatlarına son qoyacaq. Deməli, Ermənistanın bu məsələdə də nəyəsə ümid etməsi mənasız və avantürist bir yarış, boş bir xülyadır.
Dördüncüsü, iqtisadiyyat. Müharibə şəraitində iqtisadi inkişaf ehtimalı 5% belə deyil. O inkişaf olsa da, sonda 44 gündə olduğu kimi qısa müddətə xərclənəcək.
Bu siyahını da uzatmaq olar. Amma, yekun nəticə budur ki, bu münaqişə Ermənistanın qeyri-sağlam, bu gün məsələni donduraq, sabah nə olarsa olar, bəlkə gələcəkdə üzümüzə gün doğdu prinsipləri ilə uzanaraq xroniki münaqişəyə çevriləcəksə, gələcək erməni xalqı bunu Paşinyana bağışlamaz. Bu həqiqəti Paşinyan bizdən də yaxşı bilir. Təəssüf ki, Ermənistanda və Ermənistandan kənarda olan (yazının əvvəlində sadaladığım) bəzi qüvvələr, o cümlədən erməni xalqının bir hissəsi bu həqiqəti ya dərk etmək istəmir, ya da bunu dərk etməyə şovinizm, nifrət, puç olmuş xülyalar imkan vermir. ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin səfərinin eyforiyasına düşərək bu hissləri yenidən alovlandıranlar o alov genişləndikdə yenə də kənara çəkilərək xalqı o alovun içində qoyacaqlar. Qafqaza sülh və firavanlığını tezliklə gəlməsi Ermənistanın atacağı addımlardan asılıdır. Heç olmasa bu dəfə rasional davranacaqlarına ümid edək. Bu ümid az olsa da, sönməyən ümiddir.
P.S. Heç olmasa bu dəfə kiminsə oyuncağı olmaq, başqa havalara oynamaq əvəzinə öz taleyinin hakiminə çevrilməyə çalışaraq xalqının əmin-amanlıq və firavanlığını özünün strateji inkişafında bir nömrəli prioritetə çevirəcəyinə ümid edərək yazıda Türkiyə, Rusiya, İran, Asiya, Avropa, ABŞ, yeni iqtisadi düzən, kimi məsələlərə toxunmaq istəmədim.
Elman Sadıqov
iqtisadçı-ekspert