“Nargilə” dairəsi ətrafındakı xaotik vəziyyətin aradan qaldırılması üçün yeni addım atılır.
8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi planlaşdırılır. Layihə 2025-2030-cu illəri əhatə edən dövlət proqramında yer alıb. Hazırda ərazi ilə bağlı layihələndirmə işləri aparılır.
Mütəxəssislər hesab edirlər ki, yeni ötürücülər nəqliyyat axınını böləcək və dairə ətrafındakı sıxlığı minimuma endirəcək.
İşləri Avtomobil Yolları Dövlət Agentliyi icra edəcək. Ehtimallara görə, yol ötürücüsü 8 Noyabr prospektində olacaq. Ramiz Quliyev küçəsində isə hərəkət əvvəlki kimi təşkil ediləcək ki, burada da nəqliyyat vasitələrinin bir-birlərinə mane olmaması ilə fasiləsiz hərəkət təşkil olunacaq.
Sürücülər isə deyirlər ki, xüsusilə səhər və axşam saatlarında ərazidə hərəkət demək olar ki, iflic olur. Onlar da layihənin icrası ilə nisbətən də olsa, ərazidə sıxlığın azalacağını ehtimal edirlər.
Layihənin icrası ilə dairəsi ətrafında alternativ hərəkət istiqamətlərinin yaradılması da nəzərdə tutulur.






