ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) 2026-cı ilin oktyabrında “The Nancy Grace Roman Space Telescope” rəsədxanasını Yer orbitinə çıxarmaq üçün “SpaceX” kompaniyası ilə müqavilə imzalayıb. Bu barədə məlumat NASA-nın saytında yerləşdirilib.
Müqaviləyə əsasən, şirkətə ümumilikdə 255 milyon dollar ayrılacaq. Buraya buraxılış üçün ödəniş və missiya ilə bağlı digər xərclər də daxildir. Teleskopun 2026-cı ilin oktyabr ayında Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindəki 39A start kompleksindən “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılması planlaşdırılır.
Kosmik teleskopun əsas məqsədi qaranlıq enerjinin və qaranlıq materiyanın tədqiqi, ekzoplanetlərin axtarışı və çəkilişi, həmçinin infraqırmızı astrofizikaya dair bir çox digər hadisələrin tədqiq edilməsidir.
Rəsədxanada quraşdırılacaq diametri 2,4 metr olan güzgü ölçüsünə görə “Hubble” teleskopunun güzgüsünə bərabər olsa da, baxış bucağına görə onu 100 dəfə üstələyəcək. O, milyardlarla qalaktikadan gələn işığı ölçən geniş sahəli kamera ilə təchiz olunacaq. Astronomlar onun köməyi ilə Süd Yolu qalaktikasında 2 600-ə yaxın ekzoplanet tapmağı proqnozlaşdırırlar.