Müsahibimiz: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi, Natəvan Məmmədova
İlk əmək fəaliyyətinə Pedeqoji sahədə başlamış, 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində ingilis dilindən dərs demişdir. 2003-cü ilə kimi bu sahədə fəaliyyət göstərmişdir. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Kollegiyanın katibi və Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris mərkəzində baş müəllim vəzifələrində çalışmışdır.2007-2010-cu illərdə isə Dünya Bankının Azərbaycandakı ölkə ofisində, Yoxsulluğun Azaldılması və İqtisadi İdarəetmə sektorunda tədqiqatçı analitik vəzifəsində və ABŞ Xəzinədarlıq Departamentinin Texniki yardım ofisində işləmişdir.
Daha sonra N.Məmmədova Azərbaycan Mərkəzi Bankında İnkişaf Departamentinin Resurslar və xüsusi layihələri şobəsinin rəisi vəzifəsinə təyinat almışdır. 2010-cu ildə ona göstərilən etimadın nəticəsi olaraq N.Məmmədova sözügedən departamentin direktoru müavini vəzifəsinə təyin edilmiş, həmin vəzifələrdə özünü doğrultmuş, rəhbər işçi kimi zəruri təcrübə qazanmışdır. N.Məmmədova İqtisadiyyat və İngilis dilinin filologiyası üzrə Magistr dərəcələri almaqla yanaşı, Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin Magistri olmuşdur.
Qadın üçün uğur nə deməkdir?
Çox düşündürücü sualdır. Uğur dedikdə ilk ağlıma gələn kompromislərdir. Mənim fikrimcə, uğurun qiyməti Elif Şafakın “Siyah Süt” kitabında çox gözəl izah olunub. Ola bilər ki, gənclər bu kitabdan mənim götürdüyümü götürməsin. Kitabın qəhrəmanı olan qadın müəyyən bir yaşa, təxminən mənim yaşıma çatdıqda elə bilir ki, özünü tanıyır. Lakin, həmin qadının içərisində çoxlu balaca-balaca müxtəlif qadınlar vardır. Qadınlardan biri nəcib, biri çox mütaliəci və karyerist, digəri özünə qarşı diqqətcil, bütün gününü öz gözəlliyinə həsr edən bir qadındır. Təxminən 40 yaşına çatanda isə qadın bir dolu xanımı görür, təəccüblənir və özlüyündə düşünür ki: “Yəqin bu qadının həyat amalı sadəcə evimdə oturub yemək bişirməkdən ibarətdir”.
Yəni, kitabdan çəkdiyim misal kimi, hər bir qadının içərisində müxtəlif qadınlar olur və o real şəraitə uyğun olaraq ən güclüsü çıxıb, hamı tərəfindən tanınır. Digərlərinin xətrinə dəymədən, özü olanı üzə çıxaran və həmin ahəngi qoruyan ən uğurlu qadın hesab oluna bilər. Mənim fikrincə, hər zaman önəmli olan müəyyən bir ahəngin, qarmoniyanın bərqərarı və onun qorunub saxlanmasıdır. Yəni, hər bir insan öz daxilində olan o harmoniyanı tapmalıdır ki, ərtafa da onu saça bilsin.
Böyük bir təşkilatın məsul şəxsi olmaq vəzifə məsuliyyətindən sonra özü ilə nə gətirir?
Vəzifə məsuliyyət ilə yanaşı həyatın bütün sahələrində məsuliyyətli, cavabdeh olmağı real şərt kimi qarşıya qoyur. Misal üçün, tanınmadan əvvəl şəhərə çıxanda müəyyən mərasimlərdə daha sərbəst davrana bilərdinsə, indi bu bir az çətinləşir. İstər –istəməz bütün hərəkət və ədalarına nəzarət etməli olursan. Hətta tək qalanda belə qəribə sıxıntılar keçirirsən. Yəni kifayət qədər tanınırsan, öz şəxsiyyətin və rəhbərlik etdiyin qurum qarşısında dərin məsuliyyət hissi, səni bir an tərk etmir. Bütün hallarda istər ailən ilə restorana çıxanda, istərsə də səyahətdə olanda, hətta hava limanında belə bu cavabdehlik hissi səninlə yaşayır.
Azərbaycanda qadın həmişə müəyyən məhdudiyyət çərçivəsində yaşamalı olub.Qadının maneələri dağıtması əks cinsin nümayəndələrində qısqanclıq yaradırmı və yaradırsa bu hansı şəkildə özünü göstərir?
Təbii ki, yaradır. Çünki qadınlar və kişilər fərqlidir. Qadınların zəif, kişilərin isə güclü olması real gerçəklikdir. Lakin bütün kişilərə dərin hörmət və ehtiramımı bəyan edərək, qadınları daha güclü hasab edirəm. Fiziki güc baxımından da güclü qadınlarımız az deyil. Kişilərdə isə belə fikir formalaşıb ki, qadınlar heç zaman onlardan güclü ola bilməz. Lakin onlara aşılamaq olar ki, qadın da hər hansı müəssisədə işləyir, evin böyük təsərrüfatı isə onun üçün əlavə ağır yükdür. Mənim fikrimcə, daha güclü kişilər bunu qəbul edə bilər. Misal üçün, mənim yoldaşım hesab edir ki, qadın mütləq işləməlidir. Bu təkcə qazanc- gəlir üçün deyil, sadəcə qadının özünü tapa bilməsi üçün bir vasitədir. Lakin, ərtafımızda bəzi kişilərdə belə fikir formalaşıb ki, qadın işləməsə də olar.Bu streotipləri qırmaq lazımdır. Uşaq vaxtından, mən hər zaman bu mövqedə olmuşam. Daima yenilik duyğusu ilə yaşamışam. Azərbaycanda bir çox ailələrdə olduğu kimi bizim ailəmizdə də oğlan uşaqları ilə qızların yeri fərqli olub, qızlara həmişə məhdudiyyət qoyulub. Oğlan uşaqlarına daha çox önəm verilməsi təbii ki, qəlbimə toxunurdu. Uşaq yaşlarımdan bu cür yanaşmalara qarşı çıxmağım xarakterimdə dərin izlər buraxıb.
Bu gün deputatları, vəzifəli şəxslər arasında xanımların sayı durmadan artır. Həmçinin, ölkəmizin birici xanımı Mehriban Əliyevanın fəallığı real nümunəyə çevrilib. Təbii ki, bu da təməli ulu öndər tərəfindən qoyulub, dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan siyasətin real təzahürüdür.
Elm də sübut edir ki, qadınlar və kişilər daha fərqli düşündükləri üçün balans yaranır və bu balans olduğu zaman həmin təşkilat da daha uğurlu olur.
Kifayət qədər müddət idi ki Mərkəzi Bankın təşkil etdiyi “Maliyyə savadlılığı” qrupunun rəhbəri olmusunuz. Bu prosess Sizin həm işinizdə, həm də ətraf mühiti qəbul etməyinizə hansısa təsiri göstərdimi?
Həyatda heç bir şey təsadüfi deyil. 2010-cu ildə Mən Mərkəzi Banka dəvət olunanda, yeni bir qurum – Tədqiqatlar və inkişaf mərkəzi yaradılmışdı. Əslində bu qurum yaradılsa da tam olaraq müəyyən bir istiqamətlər yox idi. Bu səbəbdən bəzi araşdırmalar aparmaq qərarına gəldim. Və gördüm ki, əksər mərkəzi banklarda bu məsələyə daha çox önəm verilir.
Bəzi səbəblərdən, çox zaman rayona səfər etməli olur və bir situasiya ilə hər zaman qarşılaşırdım. Rayonlarda maddi vəziyyəti bir o qədər də yaxşı olmayan əhalinin, bir çoxunda bahalı telefon, qiyməti yüksək ev və yaxud bahalı zinət əşyalarının olduğunun şahidi olurdum. Bu səmtdə araşdırmalar apardığım zaman isə əhalinin borclanma səviyyəsinin yüksək olduğunu gördüm. Əslində qərb ölkələrində insanlar kreditin nə olduğu haqqında kifayət qədər məlumata sahibdirlər. Lakin ölkəmizdə insanlar kreditə sadəcə asan əldə olunan pul kimi baxırlar. Təbii ki, insanlarda bu anlayışın yaranmasına səbəb olan məsələlərdən biri də bankların aqressiv reklamlarıdır. Kredit ilə bağlı bir çox ailələrdə problemlər yaranır. Hətta ailələrin dağılması, intihar və yaxud digər hadisələrin də şahidi oluruq. Bu səbəbdən də düşünürəm ki, ölkədə maliyyə savadlılığı ilə bağlı ciddi tədbirlər görmək və bir qrup əhalinin maliyyə savadlılığını artırmaq lazımdır. Deyə bilmərəm ki, mən maliyyə savadı və yaxud maliyyə intizamı olan bir insanam. Çünki, pul xərcləməyi çox sevən bir insan olduğum üçün mənim özümdə də bu problem var. Maliyyə problemi yaşamamaq üçün ən vacib olan məsələlərdən biri də öz gəlir və xərclərinizi qeyd etməyinizdir. Maliyyə savadlılığı mənim diqqət mərkəzimdə olan məsələlərdən biri olduğu üçün işlədiyim vəzifədən asılı olmayaraq, hər yerdə bu vəzifəmi davam etdirməyə çalışıram.
İşgüzar qadınlar tez-tez bu sözləri işlədirlər: “İş həyatı məni dostlarımdan, ən əsası ailəmdən uzaqlaşdırır”, Siz nə vaxtsa bu sözləri demisiz?
Biraz eqoizm kimi səslənə bilər, ancaq düzünü deyim, mən daha çox özüm üçün darıxıram. Özümlə şəxsi məkanıma çəkilib, tək qalmağı sevən bir insanam. Lakin mən özümlə artıq belə desək, bir müqavilə bağlamışam ki, lava limanında, xarici səfərlərdə olduğum zaman, oteldə tək qala bilirəm. Ümumiyyətlə, boş qalan digər vaxtımı yaxınlarıma sərf edirəm. Çünki, ərtafımdakı insanlar, yaxınlarım, qohumlarım da mənim üçün darıxdıqlarını söyləyirlər. Düzdür, istədiyim qədər ailəmlə vaxt keçirə bilmirəm, lakin ailəm mənim üçün önəmlidir. Uşaqlarımın mənim üçün, mənimlə ünsiyyət üçün nə qədər darıxdıqlarını görürəm.
Dünya bankında işlədiyim zaman orada bizə iş həyatı ilə şəxsi həyat arasındakı balansı saxlamaq haqqında seminarlar keçirdilər. O, balansı tapmaq üçün məsuliyyətli olmaq lazımdır. Bu gün vəzifədə olan bəzi tanışlarım var ki, saat 6-ya kimi işlədiklərini və iş vaxtı bitdikdən sonra telefonlarını sondürdüklərini söyləyirlər. Lakin mən saat 7-yə kimi işləyirəm və işim bitdikdən sonra belə telefonumu söndürə bilmirəm. Çünki, daima məni kiminsə axtara biləcəyindən narahat oluram.
Necə saat işləyirsiniz? İşdən yorulanda hansı təsəlli sizi motivasiya edir? Və deyirsiz ki, “İşləmək, işləmək, işləmək”
Əslində iş vaxtları və şənbə günləri isə yarım gün işləyirəm. Lakin, iş olmadığı zaman belə işləyirəm. Bu vəzifəyə təyin olunduqdan sonra demək olar ki, insan bir növ administratora çevrilir. Çünki, gün ərzində müxtəlif işlərlə məşğul olursan ki, bu işlər də peşəkarlığını itirməyə səbəb olur. Buna görə də, mən lazım olan zamanımı özümdən ayırıram. Və öz üzərimdə işləməyə çalışıram.
Motivasiyaya gəkdikdə isə, mən gördüyüm işin ən yaxşısını etməyi sevən bir insanam. O ixtiyarı ozümə vermirəm ki, nəyisə yarımçıq qoyum və başqa çıxış yolumun olmadığını özümə bir daha xatırladıram. Digər tərəfdən isə gördüyüm işin nəticəsi olduğu zaman bu əziyyətin bəhrəsini görürəm.
Lider xanım olmaq istəyən,amma hələ də buna nail olmamış qadınlara hansı sözləri deyərdiz ki, bu onlarda motivasiya yaratsın?
Qrup deyə bir anlayış var, iştirak etdiyimiz bu qruplarda yəni baxça, məktəb, universitet və s. yerlərdə, liderlik hissi özünü göstərir. Mən təhsil aldığım yerlərdə hər zaman birinci olmuşam. Lakin, bir maraqlı məsələni də sizinlə paylaşmaq istərdim. İlk təhsilimi aldığım zaman universitetdə bütün qızlar karyera planları qururdular. Təkcə, mən işləməyi ağlıma belə gətirmirdim və ev qadını olmağı fikirləşirdim. Bu gün onlar ən yaxşı halda məktəbdə müəllimədirlər. Demək ki, insanın daxilində liderlik varsa o istəsən də istəməsən də, özünü biruzə verir.
Onu da deyim ki, həyatım kənardan çox parıltılı görünür. Ancaq burada komandam bilir ki, mən nə qədər yoruluram. Ümumiyyətlə mən qadınları sevən bir insanam və iş həyatında inkişaf edə bilmələri üçün əlimdən gələni etməyə çalışıram. Ancaq yenə də hər şey insanın öz əlindədirvə bunu istəyib, istəmədiyini özü qərar verməlidir. Əgər bütün bunları gözə alırsa, bir çox qurbanlar verməyə hazırdırsa bunu etməlidir. Ən əsası isə insan özündən əmin olmalıdır. Ancaq o zaman daha uğurlu ola bilər. Lider olmaq istəyən xanımlara onu da demək istərdim ki, əgər içərilərində gizlədə bilmədikləri bir liderlik varsa o zaman bunu etsinlər. Yəni, kənardan görünən parıltılı bir iş həyatına aldanmasınlar. Çünki, bu parıltının arxasında görünməyən ağır bir iş rejimi dayanır.
Sonda isə Banker.az adından Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi, Natəvan Məmmədovaya müsahibəyə razılıq verdiyi üçün dərin təşəkkürümüzü bildiririk.