24 C
Baku
Saturday, July 5, 2025

Natiq Əliyev 2017-ci ildən etibarən dünyada neftin qiymətinin yüksələcəyini gözləyir

2017-ci ildən etibarən dünya bazarlarında neftin qiymətinin artımı başlayacaq. Energetika naziri Natiq Əliyev belə hesab edir.

Cümə günü BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellə görüş zamanı N.Əliyev son dövrlərdə neftin qiymətinin kəskin ucuzlaşması, bu vəziyyəti şərtləndirən səbəbləri müzakirə edib.

“Bu kontekstdə tərəflər neft hasil edən ölkələrin gələcək inkişaf prioritetləri və neft layihələrində iştirak edən xarici şirkətlərin gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Qlobal neft bazarında müşahidə edilən proseslər fonunda mövcud vəziyyəti dəyərləndirən energetika naziri neftin ucuzlaşmasının uzun müddət davam etməyəcəyini, gələn ildən neftin qiymətinin yüksələrək sabitləşəcəyini deyib”, – deyə Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə BP-nin Azərbaycandakı fəaliyyəti və “ Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

“N.Əliyev bəyan edib ki, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasına hazırlıq işləri başa çatdırılıb. Bu toplantı bütün tranzit ölkələrin üzləşdiyi çətinliklərin müzakirəsinə və çıxış yollarının birgə axtarışına da imkan yaradacaq”, – deyə məlumatda vurğulanır.

Xəbər verildiyi kimi, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya, Böyük Britaniya, Serbiyanın energetika nazirləri, ABŞ-ın enerji məsələləri üzrı xüsusi nümayəndəsi, TANAP və TAP konsorsiumlarının rəhbərlərinə Məşvərət Şurasının ikinci iclasında iştirak etmək üçün dəvət göndərilib.

Bundan başqa, dəvətlilər sırasında Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidentiMaroş Şefçoviç, beynəlxalq maliyyə institutlarının (Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı) rəhbərləri də yer alıb.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası 2015-ci ilin fevral ayında Bakıda keçirilib.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $45-47 mlrd. təşkil edir.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

 

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər