“The Times” yazır ki, NATO “hərbi Şengen” sistemi çərçivəsində bütün Avropada hərbi dəhlizlərin yaradılması ilə bağlı danışıqlar aparır və nəticələr alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitindən əvvəl elan edilə bilər.
Nəşr izah edir ki, NATO rəhbərliyi üçün başağrısı təkcə Avropa ölkələri arasında deyil, həm də Almaniyanın regionları arasında hərbi texnikanın mübadiləsini və hərəkətini məhdudlaşdıran qaydalarla bağlı qarışıqlıq olaraq qalır.
NATO komandanlığı 2017-ci ildə “hərbi Şengen” təşəbbüsünü hazırlayıb, lakin razılaşma əldə olunmayıb. Bu ideya Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra yeni təkan alıb.
2017-ci ildə Avropada ABŞ Ordusunun komandanı vəzifəsində çalışmış general-leytenant Ben Hodces deyib ki, o, qitədə qoşunların “miqrantlar kimi” sürətli hərəkətinə nail olmaq istəyir. O, bəzi ölkələrin hərbi yüklərin daşınmasını əlaqələndirmə üsulunu “təəccüblü dərəcədə çətin proses” adlandırıb.
Rusiya hakimiyyəti NATO-nun planlarını tənqid edib və təşəbbüsü gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib.