30 C
Baku
Sunday, July 14, 2024

Naxçıvan Ali Məclisinin payız sessiyası öz işinə başlayıb – Yenilənib

16:58

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər olub:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiq edilməsi

2. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 8-ci maddəsinə əsasən növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və iclaslar bu plana uyğun keçirilməlidir. Buna müvafiq olaraq Ali Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi hazırlanıb.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ – “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə bildirilib ki, 14 iyun 2023-cü il tarixdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qanununu həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə qanun layihəsi hazırlanıb.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, layihə səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 46.2-ci maddəsinə əsasən Ali Məclisin sədri və onun müavinləri İntizam Komissiyasında təmsil oluna bilməzlər. Mövcud İntizam Komissiyasının sədri Ali Məclis sədrinin birinci müavini olduğundan komissiyanın tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.

Müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış qərar layihəsi səsə qoyularaq qəbul olunub. Qəbul olunmuş qərarla deputatlardan Möhbəliyev Telman Əli oğlu, Niftəliyev Hüseyn Əsrafil oğlu və Babayev Tofiq Süleyman oğlu İntizam komissiyasının üzvləri seçiliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ali Məclisin sessiya iclaslarında deputatların iştirakının və fəaliyyətinin Daxili Nizamnaməyə əsasən qurulmalı olduğunu diqqətə çatdırıb.

Azər Zeynalov Zəngəzur dəhlizinin açılması, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin gərgin mübarizə apardığını bildirib. Qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, ümumilikdə ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nəticədə muxtar respublika üçün də çox böyük əhəmiyyət daşımaqla, 30 ildən artıq müddətdə blokada şəraitində yaşayan Naxçıvanın blokadadan çıxmasına şərait yaradacaq. Görülən işlərdə ölkə başçısına dəstək ifadə olunub. (Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun müraciəti qəzetin bugünkü nömrəsində dərc olunur)

Bununla da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası öz işini başa çatdırıb.

***

11:09

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən, Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayıb.

Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər