Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müavini Anar İbrahimov “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən yerli Kənd Təsərrüfatı Nazirliyi yanında “Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin vəsaitindən istifadə Qaydası” təsdiq edilib.
Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara şamil ediləcək.
Fərmana görə, “Naxçıvan Aqroservis” ASC-nin sərəncamındakı əmlak müstəqil ekspert cəlb edilməklə qiymətləndirilməli, bunun nəticəsində Cəmiyyətin yeni balansı barədə məlumatı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə təqdim edilməlidir.
Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2023-cü ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilməli, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi”nin hesabına köçürülməlidir.