Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə həyata keçirilən ən əhəmiyyətli layihələrdən biri genişzolaqlı fiber-optik magistral xəttinin qurulmasıdır. Layihə Sədərəkdən başlayaraq Naxçıvan şəhərindən keçməklə Ordubad və Şahbuz rayonlarını əhatə edir. Məqsəd telekommunikasiya infrastrukturunu gücləndirmək, tranzit trafiki artırmaq və müasir internet xidmətlərinin əlçatanlığını təmin etməkdir.
Bundan əlavə, muxtar respublikada nəqliyyat sektorunda da mühüm yeniliklər gözlənilir. Naxçıvan şəhərində ictimai nəqliyyat sistemi yenilənir, ekoloji təmiz və müasir nəqliyyat vasitələrinin istifadəyə verilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, elektromobillərin sayının artırılması və yeni enerjidoldurma stansiyalarının quraşdırılması üzrə tədbirlər görülür.
Bu və digər məsələlər barədə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Rahid Ələkbərli danışıb.
Həmin müsahibəni təqdim edirik:
– Rahid müəllim, Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral xəttinin qurulmasının əsas məqsədləri və ötən il görülən işlər barədə nə deyə bilərsiniz?
– Ötən il layihənin əsas infrastruktur hissəsi – kabel və dirəklərin quraşdırılması tam başa çatdırıldı. Bu, prosesin ən vacib mərhələlərindən biri idi. Bu il isə əsas hədəfimiz avadanlıqların quraşdırılmasıdır. Hazırda onların sifarişi və qəbul prosesi davam edir. Məqsədimiz ilin sonuna qədər magistralın tam fəaliyyətə başlamasını təmin etməkdir.
Bu layihə təkcə muxtar respublikanın daxilində deyil, həm də beynəlxalq telekommunikasiya əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Yeni magistral tranzit tutumları artıracaq, muxtar respublikanın beynəlxalq əlaqələrini gücləndirəcək və rayon mərkəzləri arasında yüksək keyfiyyətli bağlantı yaradacaq.
– Bu layihə Naxçıvanın bütün bölgələrinə necə təsir göstərəcək?
– Fiber-optik magistralın ən mühüm üstünlüklərindən biri bütün rayon və kəndlərə qoşulma imkanlarının yaradılmasıdır. Layihənin mühəndislik həlli elə qurulub ki, hər bir şəhər, rayon və kənd ən azı iki istiqamətdən rabitə bağlantısına malik olacaq. Bu, muxtar respublikanın telekommunikasiya şəbəkəsinin daha etibarlı və dayanıqlı olmasını təmin edəcək.
Əvvəllər bəzi yaşayış məntəqələrində internet xidmətləri ilə bağlı çətinliklər yaşanırdı. Yeni infrastruktur sayəsində isə ən ucqar kəndlər belə yüksək sürətli internetə çıxış əldə edəcək. Bu, yalnız fərdi istifadəçilər üçün deyil, həm də təhsil, səhiyyə, biznes və digər sektorların inkişafı üçün yeni imkanlar yaradacaq.
– Sürətli internet xidməti ilə bağlı istifadəçilərin uzun müddətdir gözlədiyi hansı yeniliklər olacaq?
– Layihənin əsas məqsədlərindən biri internet xidmətlərinin sürətini və əlçatanlığını artırmaqdır. Yeni magistral xətt vasitəsilə məlumat ötürmə tutumu rayon mərkəzlərinə və yaşayış məntəqələrinə daha effektiv şəkildə paylanacaq ki, bu da internetin sürətini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bundan əlavə, bazarda rəqabətin artırılması məqsədilə provayder seçimi genişləndiriləcək. İstifadəçilər yalnız dövlət provayderi ilə məhdudlaşmayacaq, eyni zamanda özəl provayderlərdən də internet xidməti ala biləcəklər. Bu, xidmət keyfiyyətinin yüksəlməsinə və daha əlverişli tariflərin formalaşmasına şərait yaradacaq.
Eyni zamanda, layihə çərçivəsində ən son texnologiyalar tətbiq edilərək yüksək sürətli internet təmin olunacaq. Hədəfimiz 1 Gbit/s sürətə malik internet xidmətinin hər bir evə çatdırılmasıdır. Hazırda bu istiqamətdə layihələndirmə və quraşdırma işləri davam edir.
– Gələcəkdə bu layihənin inkişafı ilə bağlı hansı addımlar nəzərdə tutulur?
– Layihə yalnız mövcud magistralın qurulması ilə məhdudlaşmır. Gələcəkdə infrastrukturun daha da genişləndirilməsi və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Buraya fiber-optik şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, internet xidmətlərində daha yüksək stabilik və təhlükəsizliyin təmin edilməsi daxildir.
Bundan başqa, muxtar respublikada smart şəhər konsepsiyasının tətbiqi, dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması və çevik telekommunikasiya şəbəkəsinin qurulması istiqamətində yeni layihələr planlaşdırılır. Bu addımlar Naxçıvanda rəqəmsal inkişafın sürətləndirilməsinə və iqtisadi potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.
– Bu layihənin Naxçıvan vətəndaşları üçün əsas faydaları nələr olacaq?
– Bu layihə Naxçıvanın telekommunikasiya infrastrukturunu tamamilə yeni səviyyəyə çıxaracaq. Vətəndaşlar daha sürətli və stabil internet xidmətlərindən faydalana biləcək. Rayon və kənd sakinləri də şəhər səviyyəsində internet sürətindən istifadə edəcək ki, bu da onların biznes, təhsil və digər sahələrdə rəqəmsal imkanlarını genişləndirəcək.
Eyni zamanda, internet provayder seçimlərinin artması xidmət keyfiyyətinin yüksəlməsinə və bazarda sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq. Bu da öz növbəsində internet tariflərinin optimallaşdırılmasına səbəb olacaq. Yeni magistral xətt bütün yaşayış məntəqələrinin müasir texnologiyalarla təchiz olunmasına imkan yaradacaq.
Ümumilikdə, bu layihə Naxçıvanın informasiya texnologiyaları və telekommunikasiya sahəsində yeni bir dövrün başlanğıcını qoyacaq.
– Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi ilə bağlı Prezident sərəncamı qəbul edilib. Bu layihənin əsas məqsədi nədir?
– Layihənin əsas məqsədi ekoloji təmiz və müasir ictimai nəqliyyat sisteminin qurulmasıdır. Bildiyiniz kimi, iqlim dəyişikliyi qlobal səviyyədə ciddi narahatlıq doğurur və ölkəmizdə də ekoloji dayanıqlılığın artırılması əsas prioritetlərdən biridir. Bu sərəncam çərçivəsində Naxçıvan şəhərində sərnişin daşımaları yalnız elektrik avtobusları ilə həyata keçiriləcək. Yeni nəqliyyat sistemi şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və ekoloji baxımdan üstün bir mühit yaradacaq.
– Layihənin icrası üçün hansı əsas tədbirlər nəzərdə tutulur?
– Layihə çərçivəsində üç əsas istiqamət üzrə işlər aparılacaq. Belə ki, görüləcək ilk işlərdən biri yeni elektrik avtobuslarının alınmasıdır. Ümumilikdə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq ki, bu da şəhər nəqliyyatının tamamilə elektrikləşdirilməsini təmin edəcək.
Sonrakı məsələ infrastrukturun qurulması və modernləşdirilməsidir Elektrik avtobuslarının fasiləsiz işləməsini təmin etmək üçün şarj (enerjidoldurma) stansiyaları quraşdırılacaq. Bundan əlavə, avtobusların texniki xidməti üçün müasir depo (qaraj) infrastrukturu yaradılacaq.
Görüləcək tədbirlərdən biri də maliyyələşdirmə və icra prosesidir. Prezidentin sərəncamına əsasən, layihənin icrası üçün 33 milyon 449 min manat vəsait ayrılıb. Bu vəsait “BakuBus” MMC-nin nizamnamə kapitalının artırılması yolu ilə maliyyələşdiriləcək.
– Bu yeniliklər Naxçıvan sakinlərinə nə kimi fayda verəcək?
– İlk növbədə, sakinlər daha rahat və səssiz nəqliyyat vasitələrindən istifadə edəcək. Elektrik avtobusları ətraf mühitə zərərli qazlar buraxmır və minimal səs-küy yaradır. Bununla yanaşı, bu avtobusların istismar xərcləri dizel mühərrikli avtobuslarla müqayisədə daha aşağıdır. Bu da gələcəkdə sərnişindaşıma xidmətlərinin daha səmərəli və qənaətli olmasını təmin edəcək.
Ekoloji baxımdan layihənin üstünlükləri də əhəmiyyətlidir. Elektrik avtobuslarının istifadəsi havanın çirklənməsini minimuma endirəcək və Naxçıvanın təmiz havasının qorunmasına töhfə verəcək.
– Layihənin gələcək inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
– Bu layihə yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycanın digər bölgələrində ictimai nəqliyyatın modernləşdirilməsi üçün nümunə ola bilər. Gələcəkdə oxşar ekoloji nəqliyyat modellərinin ölkənin digər şəhərlərində də tətbiqi planlaşdırılır. Bundan başqa, alternativ enerji mənbələrinin istifadəsi və “yaşıl nəqliyyat” strategiyası çərçivəsində yeni ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Nəqliyyat sisteminin tam elektrikləşdirilməsi, enerjiyə qənaət və ekoloji dayanıqlılığın artırılması baxımından vacib addımdır.
– Layihənin icrası ilə bağlı Naxçıvan sakinlərinə hansı tövsiyələriniz var?
– Əsas tövsiyəmiz, sakinlərin yeni ekoloji nəqliyyat vasitələrinə uyğunlaşması və ictimai nəqliyyatdan daha fəal istifadə etməsidir. Elektrik avtobusları təkcə ətraf mühitə müsbət təsir göstərmir, eyni zamanda şəhərdaxili hərəkətin rahatlaşmasına da kömək edir. Bu sistemin uğurla tətbiq olunması üçün vətəndaşların dəstəyi və aktiv iştirakı önəmlidir.
Ümumilikdə, bu layihə Naxçıvan üçün böyük bir yenilikdir və şəhər sakinlərinin həyat keyfiyyətini artıracaq. Daha təmiz hava, daha sakit və rahat nəqliyyat, həmçinin ekoloji dayanıqlılıq baxımından bu addım mühüm əhəmiyyət daşıyır.
– Son illərdə Naxçıvan Muxtar Respublikasında ekoloji təmiz nəqliyyat vasitələrinin geniş yayılması və enerji səmərəliliyinin artırılması istiqamətində hansı addımlar atılıb?
– Son illərdə Naxçıvanda elektromobillərin istifadəsinə maraq artıb. Bunu nəzərə alaraq muxtar respublikada elektromobil doldurma infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Hazırda elektrikli avtomobillər üçün 10 enerji doldurma stansiyasının qurulması layihəsi icra olunur və bu proses sürətlə davam edir. Bu layihə yalnız elektromobil sahibləri üçün deyil, eyni zamanda muxtar respublikada yaşıl enerjiyə keçid baxımından əhəmiyyətli addımdır.
Ötən ilin sonunda bütün avadanlıqlar əldə edilib və quraşdırma işlərinə başlanılıb. Artıq 7 nöqtədə enerji doldurma məntəqələrinin qurulması tam başa çatdırılıb. Hazırda isə qalan məntəqələrin enerji xətləri ilə təchiz olunması prosesi davam edir. İşlər yekunlaşdıqdan sonra 10 stansiyanın hamısı tam istifadəyə veriləcək.
– Bu enerji doldurma stansiyaları hansı ərazilərdə quraşdırılıb?
– Layihənin ilkin mərhələsində elektrik nəqliyyatının daha çox istifadə olunduğu və strateji əhəmiyyət daşıyan ərazilər seçilib. Naxçıvan şəhəri, Şərur, Ordubad və Şahbuz rayonları bu layihənin əsas istiqamətləri olub. Stansiyalar yol infrastrukturunun müasir tələblərə uyğun olduğu ərazilərdə və avtomobil axınının yüksək olduğu yerlərdə qurulub. Onların şəhər mərkəzlərinə və əsas magistral yolların üzərində yerləşdirilməsi sürücülər üçün rahatlıq təmin edəcək.
– Layihənin həyata keçirilməsi zamanı hansı çətinliklərlə qarşılaşmısınız və hazırda hansı işlər görülür?
– Layihənin icrası zamanı ən böyük çətinliklərdən biri elektrik enerjisinin dayanıqlığını təmin etmək olub. Stansiyaların fasiləsiz işləməsi üçün yüksək gücə malik enerji təminatı sisteminin qurulması vacib idi. Bunun üçün müvafiq infrastruktur gücləndirilib və elektrik şəbəkəsi modernləşdirilib.
Digər bir çətinlik isə avadanlıqların tədarükü və quraşdırılması prosesində logistika məsələləri ilə bağlı olub. Lakin bütün bu maneələrə baxmayaraq, layihə plan üzrə irəliləyir və yaxın zamanda tam başa çatdırılacaq. Hazırda əsas diqqət qalan stansiyaların enerji xətləri ilə təmin edilməsinə və onların sınaqdan keçirilməsinə yönəlib.
– Bu layihənin Naxçıvanda elektromobil istifadəsinə təsiri necə olacaq?
– Hazırda elektrikli avtomobillərin geniş yayılması üçün ən vacib faktor enerji doldurma infrastrukturunun olmasıdır. Bu layihənin tam həyata keçirilməsi ilə elektromobil sahibləri üçün rahat və əlçatan enerji mənbələri yaradılacaq. İndiyə qədər bəzi sürücülər elektrikli avtomobil almaqdan çəkinirdilər, çünki enerji doldurma stansiyalarının olmaması ciddi problem idi. Bu yeni infrastruktur bu problemi tamamilə aradan qaldıracaq. Artıq Naxçıvanda elektriklə işləyən avtomobillərin sayı artacaq, insanlar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən daha çox istifadə edəcəklər.
Bundan əlavə, enerji doldurma stansiyalarının fəaliyyətə başlaması muxtar respublikada ekoloji tarazlığın qorunmasına və havanın çirklənməsinin azalmasına müsbət təsir edəcək. Naxçıvan yaşıl enerjiyə keçiddə öncül regionlardan birinə çevriləcək.
-Sonda bu layihənin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
– Biz yalnız 10 enerji doldurma stansiyasının qurulması ilə kifayətlənməyəcəyik. Naxçıvan Muxtar Respublikasında elektrikli nəqliyyata keçid prosesini sürətləndirmək üçün gələcəkdə əlavə enerji doldurma məntəqələrinin qurulması planlaşdırılır. Bundan əlavə, bu layihə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istifadəsini daha da artıracaq. Yaxın gələcəkdə ictimai nəqliyyatda elektrik avtobuslarının sayının çoxaldılması da nəzərdə tutulur.
Biz inanırıq ki, bu layihə təkcə nəqliyyat sektoruna deyil, həm də iqtisadi və ekoloji sahələrə müsbət təsir edəcək. Elektromobillərin sayının artması enerji xərclərini azaldacaq, ekoloji tarazlığı qoruyacaq və Naxçıvanı gələcəyin şəhəri modelinə daha da yaxınlaşdıracaq.
Naxçıvanda 10 enerji doldurma stansiyasının qurulması layihəsi muxtar respublikanın ekoloji və texnoloji inkişafı üçün mühüm addımdır. Bu, yalnız nəqliyyat infrastrukturunun gücləndirilməsi deyil, həm də yaşıl enerjiyə keçidin və müasir texnologiyaların tətbiqinin bariz nümunəsidir.
Layihənin tam icrası ilə elektrik nəqliyyatının yayılması, karbon emissiyasının azalması və ekoloji cəhətdən təmiz nəqliyyat modelinin formalaşması təmin ediləcək. Naxçıvan ekoloji dayanıqlı şəhər modelinə çevriləcək və elektromobil istifadəsi üçün ideal bir region olacaq.
İnanırıq ki, yaxın zamanda bu stansiyalar tam gücü ilə fəaliyyətə başlayacaq və Naxçıvanda ekoloji təmiz nəqliyyatın inkişafına yeni nəfəs verəcək.
– Bu layihənin Naxçıvanda elektromobil istifadəsinə təsiri necə olacaq?
– Elektromobillərin geniş yayılması üçün ən vacib amillərdən biri enerji doldurma infrastrukturunun mövcudluğudur. Bu layihənin tam icrası ilə elektromobil sahibləri üçün rahat və əlçatan enerji doldurma məntəqələri yaradılacaq. İndiyə qədər bəzi sürücülər enerji doldurma stansiyalarının çatışmazlığı səbəbindən elektrikli avtomobil almaqdan çəkinirdilər. Yeni infrastruktur bu problemi aradan qaldıracaq və Naxçıvanda elektriklə işləyən avtomobillərin sayının artmasına şərait yaradacaq.
Bundan əlavə, enerji doldurma stansiyalarının fəaliyyətə başlaması ekoloji tarazlığın qorunmasına və havanın çirklənməsinin azalmasına müsbət təsir edəcək. Naxçıvan yaşıl enerjiyə keçid baxımından ölkənin öncül bölgələrindən birinə çevriləcək.
– Sonda bu layihənin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
– Bu 10 stansiya layihənin başlanğıcıdır. Gələcəkdə Naxçıvan Muxtar Respublikasında elektrikli nəqliyyata keçid prosesini daha da sürətləndirmək üçün əlavə enerji doldurma məntəqələrinin qurulması planlaşdırılır. Bundan başqa, elektrik nəqliyyatının inkişafı istiqamətində yeni təşəbbüslər nəzərdə tutulur. Xüsusilə, ictimai nəqliyyatda elektrik avtobuslarının sayının artırılması prioritet məsələlərdən biridir.
Bu layihə nəqliyyat sektorundan əlavə, iqtisadi və ekoloji sahələrə də müsbət təsir edəcək. Elektromobillərin yayılması enerji xərclərini azaltmaqla yanaşı, ətraf mühitin qorunmasına da töhfə verəcək. Layihənin icrası nəticəsində Naxçıvan ekoloji dayanıqlılıq baxımından nümunəvi regiona çevriləcək və elektromobil istifadəsi üçün ideal şərait yaradılacaq.
Yaxın zamanda stansiyaların tam gücü ilə fəaliyyətə başlaması, muxtar respublikada ekoloji təmiz nəqliyyatın inkişafına yeni imkanlar açacaq və Naxçıvanı gələcəyin şəhəri modelinə daha da yaxınlaşdıracaq.