Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən yanvar ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən yanvarın 8-də Sərəncam imzalanıb. Sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə təsdiq edilmiş muxtar respublika büdcəsinin gəlirləri və xərcləri üzrə göstəricilərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görməli və hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq bu barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidirlər.
“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən yanvarın 7-də Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlar və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmələri və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb.
“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilərək Səhiyyə Nazirliyi Kollegiyasının 7 nəfərdən ibarət üzvləri təsdiq edilib.
Nazirlər Kabineti tərəfindən yanvarın 11-i tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı və Təşkilat Komitəsinin tərkibi təsdiqlənib.