İran ərazisindən Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat marşrutu çəkildikdən sonra Azərbaycan yük maşınları yeni marşrutla Naxçıvana çata biləcək.
Bu barədə İranın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
“Yeni yol çəkildikdən sonra Azərbaycanın yük maşınları uzunluğu 50 km olan yeni marşrutla Naxçıvana çata biləcək. İran ərazisindən keçən marşrut tamamilə İranın suverenliyi və ərazi bütövlüyü altındadır və gömrük qaydaları İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək”, – səfir əlavə edib.
Sobhani bildirib ki, İran milli və ərazi suverenliyi çərçivəsində həyata keçirildiyi müddətcə yolların asfaltlanmasına qarşı deyil: “Biz Ermənistanda yolların açılmasının tərəfdarıyıq, lakin bu, milli və ərazi suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilməlidir. Biz dəhliz məntiqini ehtiva edən istənilən yola qarşıyıq”.