10 C
Baku
Wednesday, December 11, 2024

Naxçıvanda 550 hektar ərazini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb

Bu il muxtar respublikanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb, yaz əkin mövsümündə 431 hektar sahədə əkin işləri aparılıb.

Bunu Naxçıvan Biznes Mərkəzində “COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri” mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Fuad Nəcəfli bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında meşə fondunun açıq sahələrində yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin bərpa edilməsi, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək. Ona görə də meşə örtüyünün artırılması, yeni meşə zolaqlarının və yaşıllıqların salınması, meşəsalma və ağacəkmə aksiyalarının, yaşıl nəqliyyata keçid və metan emissiyalarının azaldılması 2024-cü ildə diqqətdə saxlanılıb. Belə ki, bu il muxtar respublikanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb, yaz əkin mövsümündə 431 hektar sahədə əkin işləri aparılıb. Həmçinin Dövlət Proqramında mərkəzləşdirilmiş tullantı poliqonunun və bərk-məişət tullantılarının emalı müəssisəsinin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi nəzərdə tutulub ki, bu da gələcəkdə tullantı sektoru üzrə emissiyaların azaldılması baxımından mühüm addım olacaq.

Son xəbərlər
Digər xəbərlər