Naxçıvanda Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması üçün yeni 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyasının tikintisi planlaşdırılır.
Bu barədə “AzərEnerji” ASC-nin məlumatında bildirilib.
Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.
“Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1″,”Naxçıvan-2”, “Naxçıvan-3″,”Sementzavod-2″ hava xətlərinin yaşayış məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan verəcək”, – “AzərEnerji” bildirir.
Muxtar respublikanın “yaşıl enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə regionun enerji balansında mühüm rol oynayır. Hazırda “AzərEnerji” ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində 5 su elektrik stansiyası, 3 günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik enerjisinin təxminən 50 %-i “yaşıl enerji”nin payına düşür.
“AzərEnerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir”, – məlumatda deyilir.
Bundan başqa, “AzərEnerji” tərəfindən “Naxçıvanın Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. Qeyd edək ki, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.
“Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “AzərEnerji” ASC-yə həvalə edilib. Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvanda enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.








