2024-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, bu ilin iyun ayında istehsal olunan ümumi elektrik enerjisinin 70.4 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Qeyd edək ki, bu göstərici cari ilin may ayında 92.5 % olub.
Məlumat üçün bildirək ki, su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 MVt-dır ki, bu da ümumi gücün təxminən 44,04 %-ni təşkil edir.
İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 13 677 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 26 227 797 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 289 209 kilovat-saat olub.
2024-cü ilin altı ayı ərzində şinə buraxılan elektrik enerjisi 221 597 860 kilovat-saat olmaqla, 2023-cü ilin müvafiq dövrü ilə (42 036 701 kilovat-saat) müqayisədə 179 561 159 kilovat-saat (23.41 %) artıb.
2024-cü ilin iyun ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:
– 26 227 797 kilovat-saatı və ya 56.8 %-i Su Elektrik Stansiyalarında;
– 13 677 000 kilovat-saatı və ya 29.6 %-i İstilik Elektrik Stansiyalarında;
– 6 289 209 kilovat-saatı və ya 13,6 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Hazırda muxtar respublika elektroenergetika sistemi üzrə ümumi gücü 137 meqavat olan 2 istilik elektrik stansiyası, ümumi gücü 68,4 meqavat olan 5 su elektrik stansiyası, ümumi gücü 38 meqavat olan 3 günəş elektrik stansiyası, gücü 1,1 meqavat olan 1 külək-günəş hibrid elektrik stansiyası, gücü 0,3 meqavat olan 1 külək elektrik stansiyası fəaliyyət göstərir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin sturukturunda olan stansiyaların ümumi gücü 244,8 meqavatdır.