20 C
Baku
Friday, November 1, 2024

Naxçıvanda pensiyalar avtomatlaşdırıldı

Muxtar respublikada avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılıb

Cari ilin noyabr ayından etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublikada avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatmış hər bir vətəndaş heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə – (+99436) 550-59-79 nömrəsinə zəng etməklə real vaxt rejimində dərhal əmək pensiyası təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.

Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər bir vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik bankomat kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Pensiya təyinatının aparılması üçün zəng edərək müraciət edən şəxsin yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməsi kifayətdir. Bu məlumat dərhal Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricilərin sistemdə düzgünlüyü təsdiqləndiyi halda fondun fərdi məlumatlar bazasına inteqrə edilərək vətəndaşın 2006-cı il yanvarın 1-dək olan iş stajı və 2006-cı il yanvar 1-dən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır. Elə həmin vaxt vətəndaşa ona təyin olunmuş əmək pensiyasının məbləği bildirilir. Eyni zamanda, vətəndaşın ünvanına bununla bağlı xüsusi rəsmi bildiriş də göndərilir.

Hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək-pensiya hüququ yaranmış əmək pensiyaçılarına tətbiq edilir. Gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatı əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan pensiyaçılara da şamil ediləcəkdir.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il iyulun 15-də imzaladığı Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsi ilə və ya banklarda nağd qaydada onlayn ödəməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.

Xəzərxəbər

Son xəbərlər
Digər xəbərlər