12 C
Baku
Thursday, November 14, 2024

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50 mln. manatı ötüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52.5 milyon manat təşkil edir.

Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bu gün Naxçıvanda nazirliyin təşkilatçılığı və 10-a yaxın bankın iştirakı ilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir. Tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin edilməsi məqsədilə kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılması, dövlət proqramı ilə müəyyən edilmiş prioritetlərə çatmaqdır.

A.İsmayılov deyib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunub: “2024-cü il üçün 4 əsas istiqamət – aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır”.

“Maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunub, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılıb, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli, şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilib, Fondun kredit qoyuluşlarının artması nəticəsində onun kredit portfelinin diversifikasiyası təmin edilib”, – deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib: “Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10.1 milyon manat və yaxud 63.5% az – 5.8 milyon manat olub. Nəticədə Fondun ehtiyatlarının qalıq məbləği 2.4 dəfə artaraq 6.7 milyon manatdan 16.1 milyon manata çatıb. Həmçinin bu ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25.4 dəfə çox olub”.

A.İsmayılov vurğulayıb ki, fond gələcəkdə də maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələri dəstəkləyəcək: “Bu günkü tədbir çərçivəsində daha bir bankla müvəkkil kredit təşkilatı kimi əməkdaşlıq müqaviləsi bağlanılıb. Bununla da müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər