8 C
Baku
Wednesday, March 19, 2025

Naxçıvanda SİF-in müvəkkil kredit təşkilatlarının sayı 8-ə çatdırılıb

2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edirdi, bu rəqəm bu ilin 2 ayında 8-ə çatdırılıb.

Bunu muxtar respublikanın İqtisadiyyat Nazirliyində “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Vüsal Novruzov bildirib.

V. Novruzov əlavə edib ki, 7 müvəkkil kredit təşkilatı tərəfindən aktiv portfelə daxil olan 45,5 milyon manat vəsait üzrə 318 layihə maliyyələşdirilib: “Fond tərəfindən 2025-ci ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 72 %-i kənd təsərrüfatı, 21 %-i sənaye, 7 %-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Bu ilin birinci rübü hələ yekunlaşmasa da, verilən güzəştli kreditlərin həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artdığını və bu göstəricinin maliyyələşdirilən layihələrin sayında da əhəmiyyətli artımı əks etdirdiyini vurğulayıb. Bu ilin birinci rübündə maliyyələşdirilən layihələr ötən ilin illik göstəricisinin 94 %-ini təşkil edib”.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda ötən il iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Özəl sektorun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin prioritet hədəflər olduğunu bildirib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi islahatlarının, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.

A.İsmayılov sahibkarların qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində işlərin sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

Muxtar Respublikanın Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, problemlər, bu sahədə gələcəkdə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur və Culfa rayon idarələri, həmçinin İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən 320 qeyri-yaşayış obyekti özəlləşdirilmə üçün açıq elan edilib.

M. Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Araz 3” MMC -nin və sərəncamında olan “Naxçıvan Alt-Trikotaj” ATSC-nin investisya müsabiqələri vasitəsilə özələşdirilməsinin həyata keçiriləcəyini qeyd edib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən 144 qeyri-yaşayış sahəsinin hazırda vakant olduğu və bu sahələr üzrə icarə müqavilələrinin bağlanmasının mümkünlüyü bildirilib.

Sahibkarlar tərəfindən vergi sahəsi ilə bağlı qaldırılan məsələlərə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Tural Abdulzadə münasibət bildirərək, araşdırılacağını və məlumat veriləcəyini qeyd edib.

Görüşdə sahibkarlarla real sektordakı inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammal və materialların idxalı, nəqliyyat-logistika imkanları, daxili bazarın qorunması, istehsal xərcləri, dövlət satınalmaları, kredit resurslarına çıxış kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər