Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Baş İdarə rəisinin müavini Rəşad Bayramov 2023-cü ildə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, ötən il ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 130 milyon 906 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 14 milyon 601 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,04 dəfə, ixracın həcmi isə 1,5 dəfə artıb.
Həmçinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən ötən il ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 103 milyon 641 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılan gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 milyon 234 min manat və ya 44 faiz artıq olub. 2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması istiqamətində Baş İdarə üzrə müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı hesabat dövründə 90 milyon 501 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub, illik proqnoz-tapşırıq 140,3 faiz yerinə yetirilib.