Naxçıvan Muxtar Respublikasından Türkiyə kimi böyük bir bazara “yaşıl enerji”nin ixrac imkanları nəzərdən keçirilir.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
“Çoxlu sayda texniki məsələlər müzakirə olunmalıdır, Azərbaycanın ötürücü sistem operatoru ilə qardaş ölkənin müvafiq qurumu arasında müqavilələr bağlanıb”, – C. Abdullayev qeyd edib.
Onun sözlərinə görə, “yaşıl enerji” sahəsi ilə bağlı Naxçıvan xüsusi üstünlüklərə malikdir: “Günəş enerjisindən əldə olunan elektrik enerjisinin balanslaşdırılması məqsədilə istifadə edilə biləcək külək potensialı da mövcuddur. Hazırda Naxçıvanda Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı xüsusi konsepsiyanın işlənməsi üçün texniki tapşırıq hazırlanıb. Beynəlxalq məsləhətçi şirkətin seçimi ilə bağlı işlər gedir”.
O əlavə edib ki, istehsalı təmin etmək üçün müxtəlif şirkətlərlə müqavilələr imzalanıb: “Torpaq sahələrinin müəyyənləşdirilməsi işləri demək olar ki, yekunlaşmaq üzrədir və bundan sonra növbəti mərhələyə, yəni icra müqavilələrinə və investisiya müqavilələrinin imzalanmasına şahidlik edəcəyimiz günü səbirsizliklə gözləyirik. Yəqin ki, tez bir zamanda bərpa olunan enerji mənbələrindən istehsalla paralel Yaşıl Enerji Zonası üçün xas olan digər elementlərinin də Naxçıvan Muxtar Respublikasında tətbiqinə şahidlik edəcəyik”.
Qeyd edək ki, Naxçıvanın “yaşıl enerji”nin texniki potensialı 5 QVt dəyərləndirilir, ən azı isə 1 500 MVt həcmində potensial mövcuddur. Naxçıvanın orta enerji istehlakı isə 60 MVt təşkil edir.
Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.