-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Naxçıvanın 2022-ci il üçün dövlət büdcəsi təsdiqlənib

Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ – Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul olunub.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.

Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.

Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Qanuna dəyişikliklər edilərək deputatların əlillik dərəcələri faizlə əvəz edilib. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda da müvafiq dəyişiklik edilməsi ilə bağlı Qanun layihəsi hazırlanıb.

Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran altıncı məsələ ilə bağlı qeyd olunub ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa 2021-ci il 30 sentyabr tarixdə dəyişikliklər edilib. Dəyişikliklər normativ hüquqi aktların hazırlanması, onlara dəyişiklik edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi ilə bağlı mövcud normayaratma praktikasında tətbiq olunan qaydaların qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda da dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.

Sessiyada “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul olunub.

Sessiyada gündəlikdə duran yeddinci məsələ müzakirə olunmuş, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran səkkizinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova hesabat vermiş, müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası öz işini başa çatdırıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər