12 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanın büdcə layihəsi Ali Məclisin növbədənkənar sessiyasına təqdim olunub

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Azər Zeynalovun sədrliyi ilə Ali Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda Ali Məclisinin İqtisadi siyasət komitəsinin sədr müavini, 6 üzvü, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Maliyyə nazirinin müavini Həsən İsmayılov və Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Naim Cahidzadə iştirak edib.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə olunub.

Müzakirələrdən sonra büdcə layihələrinin Ali Məclisin növbədənkənar sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.

Həmin gün Naxçıvan Ali Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Hacıfəxrəddin Səfərlinin sədrliyi ilə Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin iclası keçirilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin 5 üzvü, Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihələrinin Ali Məclisin növbədənkənar sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər