9 C
Baku
Saturday, December 21, 2024

Nazir: “1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb”

1991-ci ildə Azərbaycanda 1 milyon 346,4 min ton taxıl məhsulları, o cümlədən 889,4 min ton buğda istehsal edilmişdisə, 2023-cü ildə ölkədə 3 milyon 248,6 min ton (2,4 dəfə çox) taxıl, o cümlədən 1 milyon 833,9 min ton buğda (2,1 dəfə çox) istehsal edilib.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib.

“Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30 % səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58 %-ə yüksəlib. Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və yeni imkanlar yaradıb”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, bu ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunmuş bu konfransın mövzusu kənd təsərrüfatı sektorunun əsas çağırışlarından biridir və bu sahədə həyata keçirilən siyasətlərin düzgün yönləndirilməsi günün əsas tələblərindəndir: “Nazirlik olaraq biz də dünyada gedən qlobal prosesləri və ölkə prioritetlərini nəzərə alaraq aqrar siyasətin yönəldilməsində səmərəli istifadəni, resursqoruyucu yanaşmaların tətbiqini, ətraf mühitin mühafizəsini və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasını ön planda saxlayırıq. Bütün növ vergi ödəmələrindən azad olan aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur”.

“Ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq. Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi məqsədlərinə xidmət edən aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib”,- deyə M.Məmmədov vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər