Türkiyədə təbii qaz hasilatı artıq 2028-ci ilə qədər abonentlərin (fərdi istifadəçilərin) “mavi yanacağa” ehtiyacını ödəyə bilər.
Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, artıq bu gün yerli istehsal həcmi 3 milyon abonenti məişət qazı ilə tam təmin etməyə imkan verir. “Bu son hədd deyil. Qaz hasilatının həcmi artır”, – deyə energetika naziri əmin edib.
Bayraktar qeyd edib ki, 2002-ci ildən bəri Türkiyənin enerji sənayesinin həcmi üç dəfə artıb. “Bu gün Türkiyə əhalisinin 85 faizi qazla təmin olunub. Ölkəmizin öz geoloji kəşfiyyat donanması var. Biz seysmik kəşfiyyat və qazma üçün gəmilər almışıq. Məhz bunun sayəsində 2020-ci ildə Qara dənizdə ehtiyatları 710 milyard kubmetr qiymətləndirilən, respublika tarixində ən böyük qaz yatağı olan “Sakarya” kəşf edilib”, – deyə nazir bildirib.
Bayraktar vurğulayıb ki, Qara dənizin Türkiyə sektorunda təkcə “Sakarya” yatağından gündə 7 milyon kubmetr qaz hasil edilir.
Energetika naziri ölkədə neft hasilatının artımına da diqqət çəkib: “Cənub-Şərqi Şirnak vilayətindəki ən böyük neft yatağında hazırda gündə 70 min barel neft hasil edilir. “Tezliklə bu rəqəm 100 min barelə çatacaq”, – deyən nazir Qabar dağı ərazisində yatağın da nisbətən yaxınlarda – 2021-ci ildə kəşf edildiyini xatırladıb.