Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün 1.2 milyard kubmetr artırılması və qazlaşdırma layihələrinin həyata keçirilməsi nəticəsində Albaniya tranzit rolundan əlavə Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq.
Energetika Nazirliyinin məlumatına əsasən, bunu bu gün keçirilən Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclasında Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş zamanı komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 2026-cı ildən Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.
İclasdan əvvəl Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub. Görüşdə Azərbaycan – Albaniya münasibətlərinin fəal siyasi dialoq və dinamik inkişaf edən əməkdaşlıq əsasında yeni səviyyəyə yüksəldiyi qeyd olunub.
Komissiyanın iclasında dövlət başçılarının dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji baxış və qərarlarının, qarşılıqlı səfərlərinin iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi və dərinləşməsinə böyük imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, iqtisadi əməkdaşlıq haqqında Hökumətlərarası Sazişin və imzalanması planlaşdırılan digər 8 sənədin əhəmiyyətindən bəhs olunub. İkitərəfli və Avropa kontekstində tərəfdaşlıqda enerji strateji əhəmiyyətli istiqamət kimi dəyərləndirilib. Cənub Qaz Dəhlizinin üzvləri olan ölkələrimizin Korça şəhərinin qazlaşdırılması, Dumrea şəhərində yeraltı qaz anbarının istifadəsi və Albaniyanın TAP-la qaz təchizatı üzrə əməkdaşlıq prioritetlərinin icrasından danışılıb.
P. Şahbazov deyib ki, 1.5 milyard avro dəyərində investisiya yatırımı, 25 il ərzində 285 milyon avro məbləğində vergi ödənişi, sosial layihələrə 14 milyon sərmayə öhdəliyi, yerli icmaların işlə təminatı TAP-ın Albaniya üçün faydalarının yalnız bir qismidir.
Nazir, həmçinin bu il Azərbaycanın sədrliyi ilə keçiriləcək qlobal miqyasda yaşıl enerji keçidi və iqlim hədəflərinə nail olmağı təşviq edən COP29 tədbirinin beynəlxalq arenada bir-birini dəstəkləyən ölkələrin növbəti dəfə həmrəyliyi üçün daha bir fürsət olacağını bildirib.
Albaniyalı həmsədr Belinda Balluku isə deyib ki, bu il mart ayının 1-də Bakıda imzalanan iqtisadi əməkdaşlıq haqqında Saziş çox mühüm addımdır: “Bununla biz qarşılıqlı maraq doğuran konkret sahələri birgə müəyyən etmişik və ən əsası, birgə həll edəcəyimiz hər şeyi asanlaşdıracaq və həyata keçirməyə kömək edəcək bir sıra vasitələr müəyyən etmişik. Hesab edirəm ki, mart ayında sazişi imzalamağımız və iyunda hökumətlərarası komissiyanın ilk iclasını keçirməyimiz, bütün lazımi prosedurları rekord müddətdə tamamlamağımız hər iki tərəfin niyyətinin ciddiliyinin bariz əlamətidir”.
İclasda iqtisadiyyat, ticarət və sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, mədəniyyət, təhsil, səhiyyə və ərzaq təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Bu ilin üç ayı ərzində ticarət dövriyyəsinin 4 dəfə, Albaniyadan Azərbaycana gələn turistlərin sayının 3 dəfə artması müsbət məqamlar kimi diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlığa dəvət edilib.
Yekunda Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclasının Protokolu imzalanıb və Fəaliyyət Planı qəbul olunub.