“Azərbaycan ABŞ-a silah-sursat satır”.
Bunu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
“Bu vəzifəyə təyin olunanda mənə tapşırıqlar verildi. Həmin tapşırıqlar barədə dəfələrlə mətbuatda danışmışam: Bizə daha çox yaxın olan Türkiyə və İsrail dövlətləri ilə yaxından münasibətlər qurmaq, onların müdafiə sənaye komitələri ilə əlaqə qurmaq və bir yerdə işləmək. Biz bu illər ərzində birlikdə işləyirik. Bu, Vətən müharibəsində də özünü göstərdi.
İstənilən qədər hazırlığımız var idi. Lakin buna baxmayaraq, bu sahədə istiqamətimiz dünyada ən inkişaf etmiş dövlətlərlə bir yerdə işləməkdir. Biz bu istiqamətdə də işləyirik.
Bu baxımdan heç bir dövlət ola bilməz ki, silah baxımından heç bir dövlətdən asılı olmasın. Hətta ABŞ-ın özü bizdən və digər dövlətlərdən silah-sursat alır. Bu, sadəcə bir işdir, ümumi bir istiqamətdir. Biz də burada aktiv işləyirik”, – nazir vurğulayıb.