Azərbaycan iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır.
Banker.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mərasimdə deyib.
Nazir bildirib ki, Azərbaycan və İsrail ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə edib: “Biz hərbi sahədə, kənd təsərrüfatı və turizm sahəsində uğurla əməkdaşlıq edirik. Biz eyni zamanda iqtisadi diversifikasiya sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edirik”.
M.Cabbarov həmçinin, İsrail dövlətinin yaranmasının 70-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin İsrail xalqına təbriklərini çatdıraraq, İsrail və Azərbaycan xalqlarının dostluğunun tarixi köklərə malik olduğunu deyib.
Nazir eyni zamanda gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib və bildirib ki, ölkələr arasında hər il artan əmtəə dövriyyəsi bunun sübutudur.